Bakının Xəzər rayonunda 23 yaşlı oğlan keçmiş sevgilisi ilə mübahisə edib.
Teleqraf.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Tovuz rayon sakini 2002-ci il təvəllüdlü Səlim Babayev (ad-soyad şərti verilib – red.) qəsəbədəki bazarın qarşısında keçmiş sevgilisi Xatuna xuliqanlıq hərəkətləri edib.
Səlimin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib.
İş üzrə zərərçəkmiş qismində izahat verən Xatunun sözlərinə görə, 2000-ci ildə ailə həyatı qurub, bir övladı var: “2018-ci ildə həyat yoldaşımdan rəsmi olaraq boşandım. 7-8 ildir ki, Nərimanov rayonundakı “Bəyzadə” restoranında işləyirəm. Təxminən 5-6 il olar ki, Səlimi tanıyıram. Bizim tanışlığımız həmin restoranda birlikdə işlədiyimiz zaman yarandı. 1 ildir ki, Səlimlə sevgi münasibətilərim başlayıb. Təxminən 1-2 ay əvvəl ondan ayrılmaq istədim. Lakin Səlim məni başa düşmür, daima məni narahat edir. Bir neçə dəfə xəbərdarlıq etməyimə baxmayaraq sözümə məhəl qoymur. Hətta bir neçə dəfə telefonumu əlimdən alaraq sonradan geri qaytarıb”.
Xatunun sözlərinə görə, Səlim sonradan münasibətlərini bilən qızı Səmayəni belə narahat edir: “Sonuncu dəfə Səlim işlədiyim yerə gəldi, məni yenidən narahat etməyə başladı. Bildirdim ki, səni polisə vermişəm. Cavab verdi ki, gedin, kimə istəyirsiniz, deyin”.
Səlimdən keçmiş sevgilisinin qızı Səmayə də şikayətçi olub. O bildirib ki, anası Xatun şəhərdə işlədiyi vaxtlarda Səlimlə tanış olub: “Anamla Səlimin nə dərəcədə yaxın olduqları barədə heç nə deyə bilmərəm. Lakin bu müddət ərzində onlar dost olmayan münasibət yaradıblar. Səlimlə əlaqəni kəssə də, o, anamdan və məndən əl çəkmir. Demək olar ki, hər səhər yaşadığımız ünvana gəlir, daim bizi təhdid edir. Anama bildirir ki, onunla münasibətə davam etməsə, məni qaçıracaq”.
Səmayə qeyd edib ki, hadisə günü səhər 07:00-da yaşadığı evdən çıxaraq işə gedən zaman Səlimi evinin qarşısında görüb: “Soruşdum ki, nə vaxta qədər səhər-axşam səni görəcəyik? Cavabında bildirdi ki, ananla aramıza girmə, sənin üçün yaxşı olmaz. Səlimlə bağlı tədbir görülməsini istəyirəm”.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlimin bildirdiyinə görə, təxminən 5-6 il olar Xatunu tanıyır, bir il olar sevgi münasibəti yaşayıblar: “Mən Xatuna bağlanmışam. Son iki aydır o, mənimlə münasibəti kəsmək istəyir. Lakin bağlandığıma görə ondan əl çəkə bilmirəm. Daim görmək üçün Xatunun iş yerinə və ya yaşadığı yerə gedirəm. Bu da Xatunun narahatçılığına səbəb olur.
Xatunla 4-5 gün danışmayanda özlüyümdə düşünürəm ki, onun həyatında kimsə var. Ona görə Xatunun yaşadığı ünvana və yaxud iş yerinə gedirəm, Xatunun telefonunu götürərək 4-5 gün özümdə saxlayıram. Mən etdiyim əməldən peşman deyiləm. Yenə də onun iş yerinə, yaşadığı evinə gedəcəm. Xatun istəməsə belə, bu, belə olacaq. Qızı Səmayənin verdiyi izahatla tamamilə razıyam”.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə Səlim 5 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Səlim “Volt” şirkətində kuryer işləyir.