Bakıda 75 yaşlı qadın baxıcısı tərəfindən döyülüb. Hadisə paytaxtın Pirallahı rayonunda baş verib. Bu haqda Xəzər Televiziyası reportaj hazırlayıb.
75 yaşlı Zemfira Musayevanın səhhətində və nitqində problemlərin olması səbəbindən qızı ona baxıcı tutub. Bundan 1-2 ay sonra isə anasının bədənində xəsarətlər aşkarlayıb.
Bu xəsarətlərdən şübhələnən Zemfira Musayevanın qızı evə kamera yerləşdirib və anasına göstərilən “qayğının” şahidi olub.
63 yaşlı baxıcı Sona Axundova baş verənləri təsdiqləyib, səbəb kimi isə yuxulu və evdə xəstə uşağına görə fikirli olduğunu qeyd edib.
Zemfira Musayevanın qızı hadisə ilə bağlı polisə müraciət edib. Hazırda iş Pirallahı Rayon Prokurorluğunda araşdırılır.