Paytaxtın əhəmiyyətinə görə vacib hesab olunan ərazilərindən birindəki özbaşınalıq illərdir davam edir.
Bakuplus.az xəbər verir ki, Bakının Nərimanov rayonunda sahibkarların uzun müddətdir yaratdığı xaos dövlət qurumları tərəfindən nəzarətə götürülmür. Ümumiyyətlə, məsələnin həllində maraqlı olan da yoxdur.
Belə ki, Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindəki iaşə obyektləri səkini uzun illərdir zəbt edib. Küçənin məhz bu hissəsindəki avtomobil yolunun təmiri yekunlaşsa da, səki ilə bağlı heç bir iş görülməyib.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu göndərdik. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirdi ki, səkinin bərpası AAYDA-nın səlahiyyətinə aid deyil.
“Biz aidiyyəti üzrə sadəcə küçədə təmir işləri aparmışıq. Ərazidə avtomobillərin hərəkəti üçün ayrılan yolda asfalt-beton işlərinin yenilənməsi işləri görülüb. Həmin ərazidə hansısa obyektin yerləşməsinə, fəaliyyətinə, səkidə təmir-tikinti işlərinin aparılmasına AAYDA icazə vermir”.
Yaranmış vəziyyətlə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə də sorğu ünvanlasaq da, gün ərzində cavab almaq mümkün olmayıb.