Bu gün, 23 aprel 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində güclü zəlzələ baş verib. Zəlzələnin maqnitudası 6.2 olaraq qeydə alınıb və episentri Mərmərə dənizində, Silivri sahillərində yerləşib. Təkanlar yerin təxminən 10 km dərinliyində baş verib və İstanbulun bir çox bölgələrində, o cümlədən Silivri, Beylikdüzü və Esenyurtda hiss olunub .
Zəlzələ nəticəsində ciddi dağıntılar və ya ölüm halları barədə rəsmi məlumat verilməyib. Lakin bəzi binalarda çatlar və yüngül zədələr müşahidə olunub. Panikaya düşən bəzi sakinlər binalardan tələsik çıxarkən yüngül xəsarətlər alıblar .
Əsas təkanlardan sonra 4.4 və 4.9 maqnitudalı iki afterşok qeydə alınıb. Sonuncu təkanın episentri Mərmərə dənizində, Büyükçekmece sahillərində olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər müvafiq qurumlar dərhal əraziyə cəlb olunub, zərərçəkənlərə yardım göstərmək və təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün işlərə başlayıblar. Sakinlərə zədələnmiş binalara daxil olmamaq və yalnız zəruri hallarda mobil rabitə vasitələrindən istifadə etmək tövsiyə olunub .
Bəzi seysmoloqların proqnozlarına inansaq, daha güclü təkanlar olacaq.
Bəs, görəsən, proqnozlar nə dərəcədə dəqiqdir? Bizim ölkəmizə dair proqnoz nədir? Türkiyə silkələnsə bizə də təsir edəcəkmi?
Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi Şöbəsinin rəhbəri, elmlər doktoru, dosent, geofizik, seysmoloq Qulam Babayevin sözlərinə görə, ümumiyyətlə seysmik və tektonik aktivlik dünyada artıb:
“Dünya miqyasında güclü zəlzələlərin baş verdiyini görürdük. Hər zaman demişəm ki, Azərbaycan və bizə qonşu olan ərazilər də istisna deyil. Türkiyə zəlzələ ocaqları ilə zəngindir. Çünki bura nəhəng tektonik plitələrin toqquşma ərazisidir. Və təbii ki, güclü zəlzələ qaçınılmazdır. Mən demişdim ki, İstanbul və onun yaxınlığında güclü zəlzələ gözlənilir.
Bu gün Türkiyədə güclü zəlzələ baş verib. Ərazi məsafə baxımından bizdən uzaqdır. Lakin region aktivləşib. Fiziki qanunlara baxsaq, mütəmadi olaraq Türkiyədə güclü zəlzələdən sonra yenə də ardıcıl zəlzələ olacaq. Bu güclü zəlzələlərin törəməsi də, ocaqların yenidən aktivləşməsi də ola bilər. Əgər qonşu ocaqlar silkələnirsə, Azərbaycan sabit qala bilməz. Mütəmadi olaraq Azərbaycanda hiss olunan zəlzələ qeydə alınacaq. İstər Türkiyədə güclü zəlzələ olsun, istər olmasın”.
“Azərbaycan da titrəyişlərə məruz qalacaq. Amma 4.5 və ya 5,5 maqnitudalı ola bilər. Dərinlik əsas rol oynayır. Səthə yaxın olsa, 3 maqnitudalı zəlzələ hiss olunacaq. Amma dərin qatlardakı 4.5 gücündə zəlzələ səthə udulmuş formada gəlib çatacaq. Güclü titrəyişlər səthdə olmayacaq”, - deyə Q.Babayev əlavə edib.
Nəzrin Vahid