Havaların getdikcə isinməsi ilə ictimai nəqliyyatda kondisioner məsələsi yenidən gündəmə gəlib. Hazırda bir çox avtobuslarda kondisioner sistemi olsa da, işlək vəziyyətdə deyil və bu da sərnişinlərin narazılığına səbəb olur.
Bununla bağlı Bakuplus.az-a bir neçə şikayət daxil olub.
Şikayətçilərin sözlərinə görə, havanın isti və avtobuslarda sıxlığın olmasına baxmayaraq bəzi sürücülər bilərəkdən kondisioneri işə salmırlar.
“Ötən gün 32 nömrəli avtobusda sürücüdən kondisioneri yandırmasını xahiş etdim. Kobud şəkildə cavab verdi ki, “141” qaynar xəttinə zəng elə, onlardan tələb et. Başa düşə bilmirəm, niyə hər yay belə hallarla qarşılaşırıq? Onsuzda avtobusda sıxlıq olduğuna görə nəfəs almaq mümkün olmur”, - deyə narazı sərnişin bildirib.
Bakuplus.az məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq qurumdan bildirilib ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir:
“Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilib”.
Sara Məmmədli