Son günlər sosial şəbəkələrdə yuyucu toz markası olan “Ariel”lə bağlı müxtəlif şikayət xarakterli videolar paylaşılır.
Bakuplus.az xəbər verir ki, insanların bir çoxu alınan məhsulun keyfiyyətindən narazıdır.
Hətta sosial şəbəkə istifadəçilərdən biri sözügedən yuyucu tozun tərkibində duz olduğunu iddia edib. O, bunu yumoristik formada çəkərək şəxsi hesabında paylaşıb.
Məsələ ilə bağlı Bakuplus.az-a danışan qida və qeyri-qida üzrə eksperti Zamiq İbrahimovun sözlərinə görə, son dövrlərdə qlobal bahalaşma gedir və buna görə də insanlar ucuz məhsullara üstünlük verirlər:
“Ucuz məhsullar da həmişə keyfiyyətli olmur. Bunlar da hər dəfə ucuz satılmır. Ya endirimə düşür, ya da orada bir fırıldaq olur. Fırıldaq deyəndə istehsal məsələsi nəzərdə tutulur. Sözügedən problem yuyucu vasitələrin qeyri-ənənəvi üsulla, yəni fabrik yox, sexlərdə istehsalı ilə əlaqəlidir. İrandan, Türkiyədən və digər ölkələrdən belə ucuz, keyfiyyətsiz məhsullar gətirilir”.
İbrahimov bildirib ki, bilinən market şəbəkələrində “Ariel” və digər yuyucu vasitələrində belə problemlərin olduğunu düşünmür:
“Ancaq bəzən müştərilər “1 manatlıq” adlanan marketlərdə və ya ticarət mərkəzlərində dəyərindən ucuz satılan “Ariel”ləri alırlar. Həmin məhsulların paketlənməsi zamanı isə İrandan, Türkiyədən gətirilmiş və ya burada sexlərdə istehsal edilmiş ucuz, keyfiyyətsiz yuyucu tozları doldururlar”.
Ekspertin sözlərinə görə, məhsul hər nə qədər keyfiyyətsiz olsa da, içinin duzla doldurulması inandırıcı deyil.
“ “TikTok”da hər kəs videosu yaxşı baxış yığsın deyə paylaşımlar edir. Bir qisim kütlə də buna inanır. Yadınızdadırsa, bir ara paket çayları ilə bağlı da belə hallar yaşanmışdı. Deyilənlər yalandan ibarətdir və baxış qazanmaq, məşhur olmaq üçündür. Duz hazırda yuyucu vasitələrdən baha başa gəlir. Marketlərdə 750 qramlıq duz 1 manata yaxın satılır. Bu da 3 kiloluq “Ariel”in qiymətinə gəlir çıxır. Yəni bu cür məhsulların içinə duz vurulsa, yenə onun maya dəyəri baha başa gələcək. Ona görə də belə söhbətlərə inanmamaq lazımdır”, - deyə ekspert əlavə edib.