Dünən paytaxt ərazisinə və Abşeron yarımadasının müxtəlif yerlərinə yağan intensiv yağışlar bir çox evlərə ciddi ziyan vurub. Yağış suları bir sıra binaların zirzəmilərinə və birinci mərtəbələrinə də dolub. Analoji vəziyyət daha öncə, ötən ilin payız və qış aylarında qeydə alınan yağıntılar zamanı da müşahidə olunmuşdu.
Mövzu ilə bağlı yenisabah.az-a danışan tanınmış memar, professor Elçin Əliyev bildirib ki, Abşeron yarımadasının bir çox yeri tikintiyə əlverişli deyil:
“Abşeronun bir çox yerində tikinti aparmaq olmaz. Amma təəssüf ki, biz 90-cı illərdən bəri görürük ki, yerli icra hakimiyyətləri qeyri-qanuni tikintilərə gözlərini bağlayıb. Həmin icra hakimiyyətləri yaxşı bilir ki, bir gün onlar bu icazələrlə bağlı cavab verəcəklər. Ona görə də icazə vermirlər, sadəcə rüşvət qarşılığında tikintilərə icazələrlə bağlı cavab verəcəklər. Ona görə də icazə vermirlər, sadəcə rüşvət qarşılığında tikintilərə göz yumurlar. Evlər tikilir və təəssüf ki, heç kim onları sökmür”.
Memar vurğulayıb ki, əksər tikintilər qaydalara uyğun olmasa da, məmurlar buna göz yumur:
“Biz görürük ki, faktiki olaraq, yeraltı suların, yüksək gərginlikli elektrik şəbəkələrinin yaxınlığında tikintilər aparılır. Belə ərazilərdə tikinti aparmaq qətiyyən olmaz. Nəticədə təbii fəlakətlər olan zaman bir çox evlərin, obyektlərin birinci mərtəbələrini su basır. Çünki həmin ərazi relyef olaraq, tikintiyə əlverişli deyil. Lakin təəssüf ki, hansısa mərhələdə dövlət məmurları buna göz yumurlar. Bütün bunların hamısı korrupsiyanın nəticəsidir”.