1916-cı ilin fevralında Bakıda qıtlığa və qiymət artımına qarşı qiyam baş vermişdir. Bu hadisə Bakının tarixində “Babiy bunt” (Arvad qiyamı) kimi tanınıb. Üç gün davam edən qiyam Zaqafqaziyada qadınların ilk çıxışı olub.
1916-cı ilin əvvəllərində Bakıda vacib ərzaq mallarının qiyməti xeyli qalxmışdır. Tacirlər sindikatlar yaradıb un, düyü, çörək, ət, toyuq, yumurta və başqa malları baha qiymətə satırdılar. Dükançılar malları gizlədir, müştəriləri incidir və söyərdilər.
14 fevral tarixində bir qadın Aleksandro-Nevski bazarında kartof alarkən, qiymət üstündə dükançı ilə dalaşır, qəzəblənib içində ərzaq olan qutunu vurub dağıdır və ərzaqı tapdalamağa başlayır. Onun ardınca qonşu Bazar küçəsindəki (indiki Hüsü Hacıyev) yüzlərlə qadın meyvə, tərəvəz, çörəkçi, qəssab dükanlarına hücum edir. Qarışıqlıq Quba (indiki Füzuli) meydanında dükanlarda da baş verir. Bazardakı taxta budkalar yandırılır, talan edilir. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]
Hadisə yerinə polis və yanğın dəstələri göndərilsə də, izdihamın öhdəsindən gələ bilmirlər. Polis birinci gün atəş açmağa cəsarət etmir. Qadınlar və uşaqlar su çəlləklərini və yanğın maşınlarını mühasirəyə alırlar. Bazar küçəsindəki mağazalar dağıdılandan sonra, izdiham ətraf küçələrə keçir: qadınlar iki dəstəyə bölünüb şəhərin zəngin mağazalarına hücum edirlər. Onlar polis və atlı kazak dəstələrinin gözü önündə mağazaların vitrinlərini və qapılarını sındırmağa başlayırlar.
Qiyamın ikinci günü, fevralın 15-də qadınlar dəyirmanları, un anbarlarını, “Rus” və “Samalyot” gəmiçilik şirkətlərinin mal anbarlarını talan edirlər. Onlar 116 ərzaq, 70-ə qədər parça, paltar, geyim mağazasına və anbarına basqın edirlər.
Qiyamı yatırmaq üçün Bakıya təcili Tiflisdən, Petrovskdan (Mahaçqala), Dərbənddən, Yelizavetpoldan (Gəncədən), Teymurxanşuradan (Buynaksk) polis və əsgər hissələri gətirilir. Qafqaz cəbhəsindən ordu, top-topxana gətirilir. Qadınların qiyamı yalnız ayın 17-də yatırılır. Cəza dəstələri hücuma keçib, patron əsirgəməyib qadınlara atəş açırdılar. Qiyam nəticəsində 9 nəfər ölüb, 55 nəfər yaralanıb, şəhərə 2 milyon 957 min manat ziyan dəymişdir.
Bu hadisədən sonra Qafqazın başqa şəhərlərində də qadın izdihamları baş vermişdir. [Манаф Сулейманов. Дни минувшие. Баку-1990]