Abşeron Milli Parkı Abşeron yarımadasının cənub-şərqində, rayonun Şah Dili adlanan hissəsində yerləşir. Milli Park 8 fevral 2005-ci ildə yaradılmışdır. Parkın yaradılmasında məqsəd nadir flora və fauna növlərinin qorunub saxlanmasını təmin etmək, həmçinin ekoturizm üçün mövcud olan təbii imkanlar yaratmaqdır.
Abşeron Milli Parkı 1969-cu ildə təşkil edilmiş Abşeron yasaqlığının əsasında yaradılmışdır. Dövlət yasaqlığı su quşlarını və Xəzər suitiləri yatağını qorumaq, həmçinin Xərə Zirə adasından buraya gətirilən ceyranların sayını artırmaq məqsədi ilə fəaliyyət göstərirdi. [Azərbaycan Sovet Ensiklopediyası. I cild. Bakı-1976]
Abşeron Milli Parkı 783 hektar sahəni əhatə edir. Bundan 375 hektarı quruya, 408 hektarı dənizə düşür. Bu, Azərbaycanın ən kiçik milli parkıdır.
Parkda 50-dən artıq quş və heyvan növləri, 25-ə qədər bitki növü mövcuddur. Burada yovşan, ot sarmaşığı, yabanı kök, adi qamış, iti cığ və s. bitki növləri, bizquyruq ördək, kiçik qarabatdaq, boz canavar, çaqqal, Aralıq dənizi tısbağası, Xəzər tısbağası, su ilanı və s. heyvan növləri mövcuddur. Burada qorunan Xəzər suitisi, ceyran, sultan quşu, ağgöz dalğıc, fısıldayan qu quşu, adi qızılqaz, kürən vağ, qıvrımlələk qutan və s. növlər Qırmızı Kitaba daxildir. Xəzər suitisi pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi “Ginnes”in rekordlar kitabına daxil edilib. [http://eco.gov.az/index.php?pg=85]
Abşeron Milli Parkının ən məşhur nöqtəsi Şah Dili burnu - Azərbaycanın xəritəsində “qartalın dimdiyi” kimi görünən yerdir. Rəvayətə görə, vaxtı ilə burada şahlar ov edərlərmiş. Bu səbəbdən ətrafda yaşayan əhali buranı Şah Dili adlandırır. İnanca görə, həmin burun hissə qədim zamanlardan sevgisinə qovuşmaq üçün gənclərin niyyət yeri olub. Rəvayətə əsasən, sevgisi ilə birləşmək ümidini itirən gənc bu məbədə gəlib, dua edib və tezliklə sevgisinə qovuşub. Bu səbəbdən ərazidə “Sevgi qapısı” adlanan məkan da yaradılıb.
Həmçinin park ərazisində velosiped yolu, uşaq guşəsi, kiçik hovuz, həvəskar balıq ovu üçün yer mövcuddur. [https://oxu.az/society/465471]
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/wp-content/uploads/2022/08/abseron-milli-parki.mp4"][/video]