XIX əsrdə Bakıda bir qrup şair çayxana və xüsusi evlərdə, toy məclislərində meyxana
və bədihələr deyərək yarışırdılar. Həmin vaxtlarda artıq Azərbaycanın başqa şəhərlərində ədəbi məclislər mövcud idi. Bu məclislərin təsiri ilə 1880-ci ildə Bakıda “Məcməüş-şüəra” (“Şairlər yığıncağı”) ədəbi məclisi yaradılmışdır.
Məclisin təşkilatçısı və rəhbəri qəzəl şairi Məhəmməd ağa Cürmi olmuşdur. Məclis onun mənzilində fəaliyyət göstərirdi. [V.Sultanlı. Azərbaycan ədəbi tənqidi. Bakı-2019]
Təşkil edildiyi ilk vaxtlarda 5-10 nəfər üzvü olan “Məcməüş-şüəra”nın sonralar 30-dan artıq iştirakçısı olmuşdur. Məclisin üzvlərinin əksəriyyəti xırda alverçi, müəllim, gəmi fəhləsi, rəssam və xanəndələr olmuşdur. Əliağa Vahid, Əbdülxalıq Cənnəti, Əbdülxalıq Yusif, Məşədi Azər və başqa şairlər məclisin fəal üzvlərindən idilər. Məclisdə bəzən şair və maarifçi Seyid Əzim Şirvani də iştirak edirdi. [https://www.azerbaijans.com/content_1787_az.html]
Şair Ağadadaş Sürəyya məclisin katibi seçilmişdir. “Məcməüş-şüəra”da yazılan bütün qəzəl, qəsidə, məktublar, müşairələr və başqa yazışmaları o toplayıb saxlamışdır. Deyilənə görə, bu sənədlərin çoxu vaxtilə onun evində olmuş, lakin bu günə qədər gəlib çatmamışdır. Məclisin üzvləri olan şairlərin qəzəlləri Abşeron xanəndələrinin muğam ifaçılığında istifadə olunurdu.
“Məcməüş-şüəra”nın Bakıda yerləşməsi şairlərin dövri mətbuatla əlaqə saxlamaları üçün imkan yaradırdı. XX əsrin əvvəllərində məclisin şairlərindən Ə.Cənnəti, S.Zərgər, M.Seydi, M.Azər, M.H.Qüdsi və başqaları “Dirilik”, “Babayi-Əmir”, “Zənbur”, “Arı” kimi dövri mətbuatda çıxış etmişlər. [N. Qarayev. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı-2010]
Başqa ədəbi məclislərdə olduğu kimi, burada da klassik və müasir şairlərin əsərləri oxunub müzakirə edilərdi. Belə şairlərdən biri də Bahar Şirvani idi. “Məcməüş-şüəra”da tərcüməçiliyə də diqqət verilirdi. Burada şeir-sənət məsələləri ilə yanaşı, hikmət, astrologiya, təbiət elmlərinə maraq göstərilirdi.
Sovet dövründə məclisin qabaqcıl üzvlərinin tez-tez azadlıq uğrunda çıxışları mövcud olub. Lakin onlar öz sözlərini açıq deyə bilmirdilər. Onu rəmzlərlə ifadə edir, ciddi sözlərini məzəli ifadələrlə əks etdirirdilər. Ədəbi məclis 1923-cü ildə sovet hökuməti tərəfindən ləğv edilmişdir.
1980-ci ildə “Məcməüş-şüəra”nın fəaliyyəti bərpa edilib. Məclis bu gün də fəaliyyət göstərir. [Fərzəliyev Ş.F. Təzkireyi-Şahin. Bakı-2006]