4 dekabr 2015-ci ildə saat 17:40 radələrində “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğa nəticəsində yanğın baş verib. 5 dekabr 2015-ci ildə xilasetmə işlərinin sürətləndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. 6 dekabr 2015-ci ildə Azərbaycanda matəm elan edilib. “Günəşli” yanğını 1949-cu ildən başlamış Xəzər neft tarixinin ən böyük yanğını olub.
Yanğının başvermə səbəbi dalğaların 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qıraraq, boru kəmərini zədələməsi idi. Hadisə vaxtı platformada 63 adam var idi.
“Günəşli” yatağında qəza baş verən zaman 33 nəfər xilas edilib. “CBC TV Azerbaijan”ın 4 mart 2016-cı ildə verdiyi məlumata görə, bu faciə nəticəsində 12 neftçi həlak olub, 18 nəfər isə itkin düşüb. Bundan əlavə, neft daşlarında baş vermiş qəza nəticəsində SOCAR Nəqliyyat İdarəsinin 3 nəfər işçisi də itkin düşüb.
Qəza nəticəsində baş vermiş yanğın neft quyularının birində 15 dekabr, digərində isə 17 dekabrda söndürülmüşdür.