Xəzər dənizində gəmiçiliyin əsası 1858-ci ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. 1859-cu ilin dekabrında cəmiyyətin Xəzər şöbəsi Bakıya köçürülüb və Bakı şəhəri Xəzər dəniz nəqliyyatı təsərrüfatının mərkəzinə çevrilib.
Dənizlə daşınan yüklərin həcmi artdıqca cəmiyyət Bakının sahillərində limanlar salır, körpülər və anbarlar inşa edir. Donanmanın genişlənməsi ilə gəmi təmirinin əsasları qoyulur və 1866-cı ildə “Qafqaz və Merkuri” Cəmiyyəti Bakıda mexaniki zavod yaradır. Donanmanı kadrlarla təmin etmək məqsədilə 1881-ci ildə Bakı Dənizçilik sinifləri təşkil edilir. [https://azerhistory.com/?p=9338]
XIX əsrdə Bakıda neft hasilatının artımı Xəzərdə gəmiçiliyin inkişafının səbəbi olub. Həmin dövrdə şəhərdən neft və neft məhsullarının daşınması üçün yeni su nəqliyyatı tələb olunurdu. Dünyada ilk neftdaşıyan “Aleksandr” barjı 1873-cü ildə, ilk “Zərdüşt” tankeri 1878-ci ildə Xəzərdə istismar edilib. İlk daxiliyanma mühərrikli “Vandal” (1903-cü il), ilk reversivli iki mühərriklə çalışan “Delo” (1908-ci il) gəmilərinin istismara verilməsi də Xəzər dənizində baş verib. [Бобрицкий Н.В., Юфин В.А. Основы нефтяной и газовой промышленности. Москва-1988]
XIX əsrin sonunda Xəzər dənizində 345 maye yanacaq daşıyan gəmi var idi. Onların 212-si yelkənli, 133-ü isə buxar gəmisi idi. Ən iri gəmi sahibləri olan Nobel qardaşlarının 13 gəmisi var idi. Bundan başqa, gəmi sahibkarı Hüseynovun 8, Zeynalovun 6, Aşurovun 6, Dadaşovların 5 gəmisi var idi. [Təbriz Yadigarov. Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı. Bakı-2018]
1953-cü ildə Xəzərdə ayrı fəaliyyət göstərən iki gəmiçilik şirkəti - Kaspflot və Kasptanker birləşir və bununla da, Xəzər Dəniz Gəmiçiliyi donanması yaradılır. Sonrakı illərdə Xəzər dənizçilərinin ixtiyarına ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilər- “çay-dəniz” tipli tankerlər, pambıq, odun və s. daşıyan gəmilər verilir. [https://azerhistory.com/?p=9338]
1962-ci ildə o dövr üçün Avropada ən böyük Bakı-Krasnovodsk (indiki Türkmənbaşı) gəmi-bərə keçidi işə salınır.
22 oktyabr 2013-cü ildə Azərbaycanda mövcud olan iki böyük donanmanın - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşməsi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. [https://www.asco.az/]
2018-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illiyini qeyd edib.