Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda anadan olub.
Orta məktəbi bitirdikdən sonra Şıxəli cəbhəyə yollanır, Böyük Vətən Müharibəsində Sankt-Peterburqdan Almaniyayadək döyüş yolu keçir. 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirir, rus ədəbiyyatı müəllimi işləyir.
Şıxəli Qurbanovun bir neçə kitabı, lirik şeirləri, poemaları, hekayələri və tənqidi məqalələri çap olunub. 1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb.
Qurbanov 1954-1955-ci illərdə Azərbaycan KP (Kommunist Partiyası) Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-1957-ci illərdə indiki Səbail rayonu partiya komitəsinin birinci katibi işləyib. O, 1957-1961-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin (KP MK) təbliğat və təşviqat şöbəsinin müdiri, 1966-1967-ci illərdə Azərbaycan KP MK katibi və büro üzvü olub. [Şıxəli Qurbanov: yazıçı-dramaturq, alim və dövlət xadimi. Mədəniyyət.- 2010.- 18 avqust.- S. 14.]
O zamanlar ölkədə məhərrəmlik, ramazan ayları, Ramazan və Novruz bayramlarının qeyd olunmasına qadağa qoyulmuşdu. 1967-ci ildə məhz Qurbanovun təşəbbüsü ilə respublika ərazisində Novruz bayramı təntənəli qeyd olunmuşdur. [Elçin Qaliboğlu. Şıxəli Qurbanovun Novruzla bağlı xidmətləri// Xalq Cəbhəsi.- 2010.- 19 mart.- S.14.]
Həyat yoldaşı Xavər Qurbanovanın xatirələrindən: “O zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurdular ki, Novruz bayramı qeyd ediləndən sonra Şıxəlini ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil...Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər, alınmayıb...”.
23 may 1967-ci ildə Şıxəli müəllifi olduğu “Sənsiz” dramının məşqi zamanı zalı yarımçıq tərk edir və bu sözləri deyir: ““Sənsiz”ə mənsiz baxarsız...”. Həmin gün o, dişlərini müalicə etdirmək üçün həkimə gedir və orada vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov dünyasını dəyişir, həkim isə pəncərədən qaçır. Tibbi rəydə qeyd edilir ki, onun ölümü anafilaktik şok nəticəsində baş verib. [https://m.modern.az/az/news/240972/dord-defe-heyatina-qesd-edilen-katib-]
Şıxəli Qurbanov Bakıda, I Fəxri xiyabanda dəfn olunub.