Çilov adası Xəzər dənizində, Abşeronun şimal-şərq hissəsində, Bakının Pirallahı rayonu ərazisində yerləşir.
Tədqiqatçıların verdiyi məlumata görə, adanın keçmiş adı “Ronis”, sonralar isə “Şahilan” olmuşdur. Ehtimal edilir ki, “Çilov” adı “çilli, xallı” mənasını daşıyır və bu ad adadakı heyvanların zahiri görünüşünü əks etdirir. [Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı-2007]
Ada ruslar tərəfindən “Jiloy” adlandırılırdı. Bu ad Don kazakı Stepan Razinin bir müddət adada yerləşməsi və buradan sahil bölgələrinə quldur basqınları təşkil etməsi ilə bağlıdır. 1763-cü ildə rus hidroqrafı F.İ.Soymonov bu haqda belə yazırdı: “Boğazın sonunda...Jiloy adası var, lakin orada yaşayış yoxdur. Deyirlər ki, Xəzər dənizində talanlar təşkil edən məşhur Don kazakı Stepan Razin bir müddət orada yaşadığına görə belə adlandırılıb. Dənizçilər orada çox sayda suiti tuturdular”. [Соймонов Ф.И. Описание Каспийского моря и чиненных на одном Российских завоеваний.-1763]
Çilov adasında suiti ovu ilə məşğul idilər, onun dərisindən neftin daşınması üçün tuluq hazırlanırdı, piyindən isə sabun istehsalında və çıraq yağı qismində istifadə olunurdu. [Sara Aşurbəyli. Bakı şəhərinin tarixi. Bakı-2009]
Adanın cənub-qərbində Cənub dili burnu, şimal-qərbində isə Urunos yarımadası yerləşir. Deyilənə görə, Urunos bir vaxtlar müstəqil ada olub, lakin Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində Çilova birləşib. [Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı-2007]
Əvvəllər adada yaşayanların əksəriyyətini ruslar təşkil edib. Qəsəbədə qədim rus qəbiristanlığına rast gəlinir. Həmçinin adada tarixi 1800-cü illərə aid mayak fəaliyyət göstərir.
1950-ci illərdə adada hava hücumundan müdafiə hərbi hissəsi yerləşirdi, buradan Bakının şərq hissəsindən hava hücumundan müdafiəsi təşkil edilirdi. Hazırda həmin hərbi hissənin binasında 131 saylı məktəb fəaliyyət göstərir. [https://oxu.az/society/608973]
Yerli əhalinin verdiyi məlumata görə, Abşeron balıqçıları, xüsusilə Zirə və Türkan kəndlərinin əhalisi buradan balıq tutmaqla yanaşı, yaz vaxtı otlaq kimi də istifadə edirdi. Hazırda buranın sakinlərinin əksəriyyəti neft sənayesində çalışır. [Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı-2007]
1960-cı ilin məlumatına əsasən, Çilovda əhalinin sayı 1.6 min nəfər olub. 2021-ci ildə Çilov əhalisi 1.7 min nəfər təşkil edirdi.
[Баку за 40 лет в цифрах. Баку-1960]