1923-cü ilin martında Bakı şəhərinin mərkəzini Dəmiryol Vağzalı ərazisi ilə birləşdirən dairəvi tramvay xəttinin tikintisinə başlanıldı. Şənbə və bazar günləri, çox vaxt növbədən sonra minlərlə şəhər sakini fəhlə və inşaatçıların sıralarına qoşulurdu. Bakılıların həvəsi o qədər böyük idi ki, birinci tramvay xətti, nəzərdə tutulan vaxtdan əvvəl, cəmi səkkiz aya tamamlanmışdır.
Bakı tramvayı, SSRİ-də ilk tramvay olmaqla, 8 fevral 1924-cü ildə işə başlamışdır. İlk dəfə tramvayın idarə olunması at sürücüsü Aleksandr Lisovskiyə həvalə edilmişdir. O, bunu belə xatırlayırdı: “İlk bir neçə saat sərnişinləri pulsuz daşıyırdıq. Bu, bütün insanlar üçün əsl böyük bayram idi”.
[Рудольф Гиль. Приветъ изъ Баку (Архивные документы сквозь столетия). Баку-2014]
Bakı tramvayının ilk marşrutu uzunluğu 6,6 km olan Vağzal - Azneft meydanı xətti idi. 1924-cü ilin sonunda Bakı tramvayının artıq beş xətti var idi və bu xətlər boyunca 69 tramvay hərəkət edirdi.
Statistik məlumatlara əsasən, 1924-cü ilin sonunda Bakı tramvay xətlərinin uzunluğu 35.9 kilometr, il ərzində daşınmış sərnişinlərin sayı 37.4 milyon nəfər təşkil edirdi. 1940-cı illərdə xəttin uzunluğu artıq 78.3 kilometrə çatdırılmışdı və ildə 193.2 milyona qədər insan daşınırdı. [Баку за 60 лет в цифрах: статистический сборник. Баку-1980]
1960-cı illərdə Bakıda əsas diqqət trolleybus və avtobus nəqliyyatlarının inkişafına və metronun tikintisinə verilmişdir. Bu səbəbdən şəhərin tramvay şəbəkəsi azaldılmışdır. Bakının mərkəzi və kənar küçələrində hərəkət edən bəzi tramvay xətləri tamamilə sökülmüşdür. [Бакинский трамвай — OurBaku]
1980-ci ilə qədər Bakı tramvay şəbəkəsinin ümumi uzunluğu təqribən 76.6 kilometr təşkil edirdi. 1990-cı illərdən tramvay ictimai nəqliyyat kimi artıq aradan çıxarılırdı. Tramvaylar yenilənmirdi, köhnələri isə yararsız vəziyyətə düşürdü.
2004-cü ilin yanvarında Bakı tramvayı “Xətai” metrostansiyası - “Montin bazarı” marşrutu ilə sonuncu dəfə hərəkət etdi. Həmin il bu xətt bağlanaraq söküldü. [https://azerhistory.com/?p=32167]