Ənvər Məmmədov 15 avqust 1923-cü ildə Bakıda anadan olub.
Lev Tolstoya qohum olan nənəsi uşaqlıqdan Ənvərə italyan, fransız və alman dillərini öyrədib. Bakıda məktəbi bitirdikdən sonra o, 1941-ci ildə aviasiya məktəbinə daxil olub. Lakin bu zaman Böyük Vətən müharibəsi başlayıb və o, cəbhəyə yollanıb. 20 yaşında leytenant Məmmədov ön cəbhədə pulemyot rotasının komandiri idi. [https://hit.az/az/senet/527/enver-memmedov-ssri-televiziyasini-yaradan-adam/]
1943-cü ildə Ənvər Məmmədovu Moskvaya SSRİ Xarici İşlər Xalq Komissarlığına çağırırlar. Məmmədovun dil biliklərini nəzərə alaraq, onu Komissarlıqda işə götürürlər. Sonra Ənvəri, Xarici İşlər Xalq Komissarı Molotovun “bu tatarinə diplomatik ranq verib İtaliyaya məsul işə göndərməyə nə lüzum var” deyib, etiraz etməsinə baxmayaraq, SSRİ-nin İtaliyadakı səfirliyinə attaşe göndərirlər. [Kamil Əfsəroğlu. Televiziyanın əfsanəsi. 525-ci qəzet.- 2013.- 28 sentyabr.- S.24-25.]
1945-ci ildə Ənvər Məmmədov Sovet hərbi tribunalının tərkibində Nürnberq məhkəməsində iştirak etmişdir. Bir ilə yaxın o, nasist cinayətkarlarının ifadələrini dörd dilə tərcümə edirdi. Nürnberq məhkəməsi zamanı Ənvər Məmmədova alman feldmarşalı Paulusu gizli Berlinə çatdırmaq tapşırılmışdı. Məmmədov bu işi uğurla başa çatdırmışdı və Paulus məhkəmədə nasist Almaniyasının rəhbərliyinə qarşı ifadələr vermişdi. [https://1news.az/news/20190906014137565-Legenda-sovetskogo-TV-Azerbaidzhanets-Enver-Mamedov-i-zarozhdenie-kultury-teleradioveshcaniya-FOTO-VIDEO]
1956-1959-cu illərdə Ənvər Məmmədov SSRİ-nin ABŞ-dakı səfirinin köməkçisi işləyir. Lakin bundan sonra o, öz siyasi fəaliyyətini dayandırır və jurnalistikaya yönəlir. Məmmədov 1959-cu ildən Sovetinforbüronun sədr müavini kimi çalışır. O, 1962-ci ildə SSRİ Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini vəzifəsinə təyin olunur.
Bu andan Məmmədov televiziyanın qeyri-rəsmi lideri olur, köhnə məşhur proqramları müdafiə etməyə çalışır, yeniliklər təsis edir. Hətta televiziya insanları arasında vaxtilə hərbi tərcüməçi kimi işlədiyinə görə onda ölkənin ən yüksək rəhbərlərinə kompromatlar olmasına dair fikirlər yaranır. Ənvər Məmmədovun sayəsində “Baharın on yeddi anı”, “Həmişə təmizlikdə” filmləri çəkilir. Dövrünün məşhur radiosu olan “Mayak” stansiyasının açılması, fəaliyyəti də məhz onun adı ilə bağlıdır.
Xidmətlərinə baxmayaraq, Məmmədov adının gizli qalmasına üstünlük verirdi. Bu səbəbdən televiziya insanları arasında “mister isk” ləqəbini almışdı. [https://www.youtube.com/watch?v=erqQI8ar_R8]
1986-cı ildə Ənvər Məmmədov Rusiya televiziyasında vəzifəsini tərk edir. Hazırda o, Rusiyanın dövlət informasiya agentliyinin (RİA Novosti) baş redaktorunun müşaviri kimi çalışır.