Hüseyn Mir Kazım oğlu Sadıqzadә 25 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olub. Beş yaşında atasını itirən Hüseyn babasının himayəsində böyüyüb.İlk təhsilini mollaxanada, sonra rus-tatar məktəbində almışdır.
Hüseyn 1904-1912-ci illərdə, babasının vəfatından sonra ailəsinin qayğısına qalmaq üçün “Kaspi” qəzetinin mətbəəsində mürəttib işləmişdir. O, bədii yaradıcılığa 1907-ci ildə başlamışdır, qəzet və jurnallarda məqalə və felyetonları ilə çıxış etmişdir.
Yazıçı mətbuatda “Kazımoğlu”, “Hüseyn Sadiq”, “Seyid Hüseyn Sadıqzadə”, “Mühərrir” kimi imzalarla fəaliyyət göstərmişdir. Onun “Gələcək həyat yollarında”, “Şirinnaz”, “İki həyat arasında”, “Yatmış kəndin qış gecələrində”, “Gilan qızı” və s. hekayələri, “Altun”, “Yalan”, “Gözəllik nədir?” və s. məqalələri dərc olunub. Müəllifin, həmçinin müxtəlif illərdə kitabları nəşr edilmişdir: “Ağ valideyn, yaxud zavallı Məşədi Zaman” (1911), “Qaçaq oğul, yaxud ata məhəbbəti” (1915), “Yeni həyat yollarında” (1928) və s.
1920-ci ildən Seyid Hüseyn “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmiş, Bakının orta məktəb və texnikumlarında müəllimlik etmiş, ömrünün son illərində isə “Azərnəşr”in bədii ədəbiyyat şöbəsinin redaktoru olmuşdur. [https://medeniyyet.az/page/news/18624/Olume-mehkum-edilmis-taleler.html]
Yazıçı Sabit Rəhmanın xatirələrindən: “... Seyid Hüseyn şagirdləri məşğul eləməyi, nəzərlərini özünə cəlb eləməyi bacarırdı; müxtəlif yazıçıların hekayələrini, povestlərini sadə və maraqlı dillə danışardı, bu hekayələrə özündən əlavələr eləyərdi… Bir dəfə ona sual da verdilər: “Mirzə, bəs siz özünüz niyə yazmırsınız?” Seyid Hüseyn gülümsündü və lap yavaşdan cavab verdi: “Hələ düşünürəm”. Bu söhbətdən dörd il sonra…“İnqilab və mədəniyyət” məcmuəsində “Gilan qızı” adında bir hekayə çap olunduğunu gördüm. Oxudum və ayrı-ayrı tanış epizodlardan - təhkiyə üsulundan başa düşdüm ki, Hüseyn Sadiq imzası ilə yazan müəllim bizim müəllimimiz Seyid Hüseyndir”. [https://www.kultura.az/az/article/2805/]
Seyid Hüseyn 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 1936-cı ildə o, Yazıçılar İttifaqının üzvlüyündən çıxarılmış, əsərləri tənqid edilmişdir.
Yazıçı 15 iyul 1937-ci ildə Şüvəlandakı bağında həbs olunmuşdur. O, “xalq düşməni” damğası ilə güllələnməyə məhkum edilmişdir. Uzun sürən işgəncələrdən sonra, 6 yanvar 1938-ci ildə bu hökm yerinə yetirilmişdir. [N. Qəhrəmanlı. Seçilmiş əsərləri. Seyid Hüseyn. Bakı-2006]