1920-ci illərə qədər Novruz bayramı xalq tərəfindən təntənəli qeyd olunurdu. Çar hökuməti bu bayrama diqqət yetirməsə də, Tağıyev, Nağıyev, Əsədullayev kimi milyonçular Bakı əhalisinin bu bayramı təmtəraqla qeyd etməsinə yardım edirdilər.
Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində də Novruz bayramı əvvəlki kimi qeyd olunurdu. Novruzda tətillər başlanır, şagirdlərin bayram nümayişləri, tamaşa və konsertlər təşkil edilir, imkansız əhaliyə ərzaq paylanırdı.
1928-ci ildən dini və milli bayramlara qarşı açıq hücumlar başladı. “Kommunist” qəzeti yazırdı: “Rusiyada olduğu kimi, Azərbaycanda da milli və dini bayramları ləğv etmək və onları inqilabi bayramlarla əvəz etmək lazımdır”. [https://azvision.az/news/85746/sovet-dovrunun-novruz-mifleri-%E2%80%93-arasdirma-+-fotolar.html]
1929-cu ildə bu bayramlar dövlət bayramları siyahısından çıxarıldı. Bundan sonra 1920-ci ildə yaranan “Mübariz Allahsızlar İttifaqı”nın üzvləri bayram günlərində gecələr evlərə, həyətlərə reydlər təşkil edirdilər. Evində səməni qoyub bayram süfrəsi açan, həyətində tonqal qalayan adamları aşkarlayaraq komsomol iclaslarında müzakirəyə çıxarırdılar.
1937-ci ildə bayram rəsmi qadağan edildi. Ancaq bundan sonrakı illərdə də Novruz bayramı xalq tərəfindən gizli qeyd edilirdi.
Stalinin ölümündən sonra (1953-cü il) bütün dini və milli bayramlar kimi Novruz bayramı da qeyri-rəsmi bəraət aldı. Bu bayramın ailə çərçivəsində keçirilməsinə heç bir rəsmi qadağa yox idi. [https://www.bbc.com/azeri/azerbaijan-39266969]
1967-ci ildə Azərbaycan KP MK katibi Şıxəli Qurbanovun təşəbbüsü ilə respublikada Novruz bayramının “Bahar bayramı” adı ilə Bakıda rəsmi qeyd olunmasına icazə verilir. Qız qalasının ətrafı Novruz bayramının qeydolunma mərkəzinə çevrilir. Aktyorlar Fərəc Nağıyev və Əlimran Şirvanski Kosa və Keçəl, Safurə İbrahimova isə Bahar qızı obrazlarını yaradır. Bu, 1928-ci ildən sonra Bakıda keçirilən ilk böyük Novruz şənliyi idi. [Elçin Qaliboğlu. Şıxəli Qurbanovun Novruzla bağlı xidmətləri. Xalq Cəbhəsi.- 2010.- 19 mart.- S.14.]
1970-ci illərdə SSRİ hökuməti Novruzda kütləvi tədbirlərin keçirilməsinə icazə verməsə də, hər il martın 21-də qəzetlər bayram təbrikləri ilə nəşr olunur, televiziyada bayrama uyğun proqram qurulurdu. [https://azvision.az/news/85746/sovet-dovrunun-novruz-mifleri-%E2%80%93-arasdirma-+-fotolar.html]
Müstəqillik illərində Novruz əvvəlki kimi geniş qeyd olunmağa başladı. 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.