Bir vaxtlar Bakının mərkəzində, indiki Neftçilər prospektində bir meydan mövcud olub. Bu ərazi Bakının ən iri meydanlarından biri idi və “Pyotr meydanı” adlanırdı.
Bir versiyaya görə, bu meydanın yaranması çar I Pyotr dövrünə aiddir. Güman edilir ki, 1723-cü ilin iyununda Rusiya qoşunlarının sahilə çıxdığı bu yer sonralar I Pyotrun adı ilə tanınmışdır. Başqa şayiəyə əsasən, bu ad Mahaçkala şəhəri ilə bağlıdır. Bu qəsəbə şəhər statusu alanda “Petrovsk liman şəhəri” (Port-Petrovsk) adlanırdı. XIX əsrdə Port-Petrovsk Bakı gəmiləri üçün əsas limanlardan biri hesab edilirdi, bu səbəbdən dəniz kənarında yerləşən həmin meydan şəhərin adı ilə bağlı ola bilərdi.
XIX əsrin ikinci yarısında yaşayış evlərinin əhatəsində qalmış bu ərazidən müxtəlif məqsədlər üçün istifadə olunurdu. Burada səyyar heyvanxanalar açılır, müxtəlif tamaşalar göstərilirdi.
Burada Antuaneta Volf familiyalı bir qadına məxsus taxta sirk binası inşa edilmişdir. Bu, o zamanlar Bakıda yeganə ictimai əyləncə müəssisəsi olmuşdur. Bu səbəbdən meydan “Teatralnaya” kimi tanınırdı. 1910-cu ildə Pyotr meydanında rolikli konkisürmə meydançası tikildi. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006] [Петровская площадь - Театральная - Петрова (Баку) — OurBaku]
1918-ci ildə - Bakı Xalq Komissarları Sovetinin hakimiyyəti dövründə meydanda tez-tez mitinq və yığıncaqlar keçirilirdi. Həmin ilin avqust ayında Bakı Xalq Komissarları Soveti Həştərxana yola düşmək üçün bütün qüvvələrini bu meydana toplamışdı. 1918-1919-cu illərdə isə bu meydanda AXC əsgərlərinin məşqləri keçirilirdi.
1920-ci ildə Bakı Sovetinin gördüyü ilk tədbirlərdən biri Pyotr meydanının 26 Bakı komissarının adı ilə adlandırılması oldu. Lakin sonralar bu ad, komissarların Bakıya gətirilib dəfn edildiyi meydana verildi (indiki Sahil bağı). Meydan isə yenidən Pyotrun şərəfinə “Petrovski” adlanmağa başladı.
Meydan Sovet hakimiyyəti illərində yaşıllaşdırılıb, xalqın ixtiyarına verildi. Böyük Vətən müharibəsindən əvvəl burada böyük tribuna inşa edildi. Həmin tribuna tağ şəklində idi, tağın kənarlarında sovet rəmzləri, yuxarı hissəsində isə AzSSR-in gerbi yerləşdirilmişdir. Bayramlarda bu meydanda hərbi parad və nümayişlər keçirilirdi.
1955-ci ildən meydanın ərazisində V.İ.Lenin Mərkəzi muzeyi Bakı filialının binası inşa edilmişdir. Hal-hazırda bu binada muzey kompleksi yerləşir. [https://azerhistory.com/?p=5239]