Dadaş Xoca oğlu Bünyadzadə 8 aprel 1888-ci ildə Bakının Fatmayı kəndində anadan olub.
O, ilk təhsilini mollaxanada alıb, sonra isə bir il Bakıda rus-tatar məktəbində oxuyub. Dadaş kiçik yaşlarından əmək fəaliyyətinə başlayıb, Bakı daş karxanalarının birində arabaçı, çəkicvuran işləyib. Bünyadzadə 1907-ci ildə “Nicat” cəmiyyətinin kursunda, 1908-ci ildə isə 8 aylıq türk pedaqoji kursunda oxuyub. O, həyatının bu dövrü haqqında belə yazmışdı: “Səhərdən gündüz saat 3-dək mən çəkicvuran fəhlə sifətilə işləyirdim, gündüz saat 4-dən axşam saat 7-dək axşam kursunda oxuyur, axşam 8-dən sonra isə axşam kursunda rus dilini öyrənirdim”. [Qasımlı M. Hüseynov C. Azərbaycanın baş nazirləri. Bakı-2015]
1908-ci ildə Bünyadzadə İran inqilabçılarına yardım üçün Təbrizdə olub, İrandan qayıdanda - 1909-cu ildə Tiflisdə həbs edilib. Üç ay sonra azad olunaraq o, Bakıya gəlib, lakin 1911-ci ildə yenidən həbs olunaraq Mərkəzi Asiyaya sürgün edilib. 1912-ci ildə sürgün vaxtı amnistiyaya düşən Bünyadzadə Bakıya qayıdıb. [Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübarizlər. Bakı-1958]
1918-ci ildə Həştərxana gedən Dadaş Bünyadzadə quberniya komitəsinə üzv seçilib, tatar dilində “Tartış” (Mübarizə) və Azərbaycan dilində çap olunan “Hümmət” qəzetlərinin redaktoru olub. O, 1918 və 1921-ci illərdə Moskvada Leninlə görüşüb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bünyadzadə Dövlət Plan Komissiyasının sədri, ZSFSR xalq torpaq komissarı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri və digər mühüm vəzifələrdə çalışıb. [Большая советская энциклопедия. Москва-1969-1986]
1920-1922-ci illərdə Dadaş Bünyadzadə Azərbaycan SSR Xalq Maarif Komissarlığına (XMK) başçılıq edib və Sovet Azərbaycanının ilk xalq maarif komissarı olub. O, “Xalq maarifi” jurnalında dərc olunmuş “Maarif və dövlət” adlı məqaləsində yazırdı: “Şuralar hökumətinin başlıca və əsaslı qanunlarından biri də elmi, maarifi və sənayeni dirçəltməkdir. Bundan sonra oxumaq, yazmaq, bilmək, sənət öyrənmək hamıya borcdur. Belə ki, elmsiz və sənətsiz bir adam tapılmayacaqdır”.
Bünyadzadə müəllimə olan ehtiyacı ödəmək üçün qısamüddətli kurslar açır, bir sıra qərarlar qəbul edir. Bunların sırasında Azərbaycan dilində məktəb sənədlərinin aparılması, Azərbaycan Dövlət Universiteti haqqında, universitet işçilərinin əməkhaqqı barəsində, tədris planları haqqında və digər qərarlar var.
Bünyadzadə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
1930-cu illərdə XKS-nin sədri olan Dadaş Bünyadzadə Azərbaycan müəllimlərinin V qurultayındakı məruzəsində yeni əlifbaya keçilməsini ən böyük nailiyyət adlandırıb. [https://www.muallim.edu.az/www.old/arxiv/2011/21/26.htm]
Dadaş Bünyadzadə 20 iyun 1937-ci ildə sovet hakimiyyəti tərəfindən həbs edilib. O, antisovet millətçi təxribat və terror təşkilatına rəhbərlik etməsində ittiham olunub və 21 aprel 1938-ci ildə Moskvada güllələnib. Bünyadzadə 1955-ci ildə bəraət alıb. [https://lists.memo.ru/d5/f407.htm]
Yeni Yasamalda yerləşən küçələrdən biri Dadaş Bünyadzadənin adını daşıyır.