“Buzovnaneft”in binası Bakı şəhərində, Səməd Vurğun və Nizami küçələrinin kəsişməsində yerləşir. Binanın memarları Sadıq Dadaşov və Mikayıl Useynovdur. Bu, memarların birlikdə layihələndirdiyi son bina olmuşdur. [Рябушин А.В. Новые горизонты архитектурного творчества: 1970-1980-е годы. Москва-1990]
Bina 1945-ci ildə, Sadıq Dadaşovun ölümündən qısa bir müddət əvvəl layihələndirilmişdir və iki ilə başa çatdırılmışdır. Evin inşasında İkinci Dünya müharibəsindən (1939-1945) sonra əsir düşmüş alman əsgərləri iştirak ediblər. Tikili neft sektorunda çalışan əməkdaşların istifadəsinə verilmişdir. Sənətşünas K.Məmmədzadə tikili haqqında belə yazırdı: “Memarlar bu bina ilə İkinci Dünya müharibəsində çalınan zəfərin pafosunu və burada neftçilərə məxsus olan rolu əbədiləşdirmək istəyirdilər”. [Мамед-заде К.М. Народный архитектор СССР Микаэль Усейнов. Баку-1989]
Tikili U şəklində inşa edilmişdir. Bina altı blokdan ibarət idi. Üçüncü və dördüncü bloklar altımərtəbəli, qalan bloklar isə beşmərtəbəli idi. Ümumilikdə burada 86 mənzil olub. Binanın cənub hissəsində çox sayda pəncərələr və eyvanlar, kənar hissələrində isə tacabənzər iki qüllə yerləşdirilmişdir. Birinci mərtəbədə ticarət obyektləri fəaliyyət göstərirdi. Memar Rəna Əfəndizadənin sözlərinə görə, mənzilin fasadında istifadə edilmiş ağ daş keyfiyyətli olduğuna görə binanın təmirə ehtiyacı olmayıb və tikili olduğu kimi qorunub saxlanılıb. [Эфендизаде Р.М. Архитектура Советского Азербайджана. Москва-1986]
4 noyabr 1955-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti tərəfindən “Layihədə və tikintidə artıq elementlərin aradan qaldırılması haqqında” qərar verildi. Sənəddə “Buzovnaneft”in binasının quruluşu və bəzək elementlərinin sovet dövrünə aid olunan tikililərə uyğun olmaması və mürəkkəb elementlərlə bəzədilməsi qeyd olunmuşdur. [https://www.libussr.ru/doc_ussr/ussr_5043.htm]
Binanın birinci mərtəbəsində bir vaxtlar çayxana yerləşdiyindən buraya bakılılar “Çay evi” də deyirdilər. Evin qarşısında fəvvarəli meydan da mövcud olub. Lakin 1980-ci ildə bu fəvvarələr sökülmüş, yerində isə şair İmadəddin Nəsiminin heykəli ucaldılmışdır. [https://www.youtube.com/watch?v=jcJSlMuYptc]
“Buzovnaneft”in binasında “Uzaq sahillərdə” filminin və “Maqomayev” serialının bəzi səhnələri lentə alınıb.