Ağabala Quliyevin evi Bakıda, Murtuza Muxtarov, 24-də yerləşir. Bina 1891-ci ildə milyonçu Ağabala Quliyevin sifarişi ilə polyak əsilli memar Yevgeniy Skibinskinin layihəsi əsasında inşa edilib.
Ağabala Quliyev varlanandan sonra, 1889-cu ildə Bakının Persidskaya (sovet dövründə Poluxin) küçəsində yerli memarlığın milli ənənələrində ev inşa etdirməyi qərara alır. O, şəhər tikililərində Avropa stilistikasının istifadəsinə qarşı etirazını bildirirdi. Milyonçu Skibinskini dəvət edərək, ona layihə tapşırır, lakin Şirvanşahlar sarayında istifadə olunmuş Yaxın Şərq və Ərəb memarlığından istifadə etməyi tələb edir.
İkimərtəbəli bina düzbucaqlı formada inşa edilmişdir. Binanın fasadı müxtəlif bitki ornamentləri ilə bəzədilmişdir. Fasadda ev sahibinin adının baş hərfləri “А. Б. Г.” (Ağabala Quliyev) həkk edilmişdir. Evin otaqları və dəhlizləri rəngli naxışlarla bəzədilib. Dəhlizləri bəzəyən şərq mövzulu divar rəsmləri bu günə qədər qorunub saxlanılır. [Fətullayev-Fiqarov Şamil. Bakının memarlıq ensiklopediyası. Bakı-2013]
Ş.Fiqarov-Fətullayev kitabında bina haqqında belə qeyd edib: “Ağabala Quliyevin evinin memarlığının təsiri altında 1898-1901-ci illərdə Nikolayevskaya (indiki İstiqlaliyyət) küçəsində I. V. Qoslavskinin layihəsi əsasında H.Z.Tağıyevin Qızlar məktəbinin binası inşa edilmişdir.”
[Fətullayev-Fiqarov Ş. Bakı memarları XIX əsrin sonu-XX əsrin əvvəllərində. Bakı-2013]
Hazırda binada Azərbaycan Memarlar İttifaqı yerləşir. Abidə ölkə əhəmiyyətli abidə hesab edilir.
Xeyriyyəçi Ağabala Hacıqulu oğlu Quliyev Bakının Keşlə kəndində 1862-ci ildə anadan olub. “Un kralı” adı ilə məşhur olan sahibkar Ağabala Quliyevin dəyirmanları Bakıda, həmçinin Vladiqafqazda, Stavropolda, Samarada, Qroznıda, Beslanda, Georgiyevskdə yerləşirdi. Ağabala həm də ictimai xadim olmuş, Bakının mədəni tədbirlərində iştirak etmişdir. Ağabala Quliyev Təbrizdə vəfat edib və orada da dəfn olunub.
[URIS id=98781]