İkimərtəbəli karvansaray İçərişəhərdə, H.Rzayeva küçəsi, 9-da yerləşir. Bəzi mənbələrə görə, karvansaray XV əsrdə Şirvanşah I Xəlilullah tərəfindən tikilmişdir. Lakin tədqiqatçı K.Məmmədzadə tikilinin memarlıq xüsusiyyətlərinə görə, onu XVII əsrə aid edir. [Мамед-заде К.М. Строительное искусство Азербайджана (с древнейших времен до XIXв.). Баку-1983] [Fərhadoğlu Kamil. İçərişəhər. Bakı-2006]
Çar Rusiyası dövründə karvansaray məmur Qasım bəyə və onun varislərinin istifadəsinə verilmişdi. Bu səbəbdən tikili Qasım bəy karvansarayı kimi də tanınır. 1809-cu ildən tikili Bakı liman və sərhəd idarəsinin istifadəsinə verilmişdir. [Акты Кавказской археографической комиссии/ Т.4 (№97). Тифлис-1870]
Karvansaray kvadrat formasındadır. Tikilinin iki giriş hissəsi var: dəniz ticarəti ilə əlaqədar sahil küçəsinə və quru ticarət yoluna. Binanın hovuzu olan üstüaçıq, səkkizbucaqlı həyəti var. Həyət otaqlarla əhatə olunub. İkinci mərtəbədə otaqlar qarşısında ümumi açıq, keçid formalı dəhliz mövcuddur. İkinci mərtəbənin otaqları küçəyə açılan pəncərə yerlərinə malikdir. Pilləkən qəfəsi girişə yaxın, divarların içində yerləşir. Otaqların və eyvanların qübbə örtükləri çatma formalıdır. Küncdəki otaqlar isə kiçik günbəzlərlə örtülüb.
Karvansarayın cənub-şərq tərəfində künc qalası yerləşir. Bu da tikilinin, eyni zamanda müdafiə məqsədi ilə istifadə olunmasını göstərir. [Саламзаде А.В. Архитектура Азербайджана XVI-XIX вв. Баку-1964]
İkimərtəbəli karvansaray 2001-ci ildə UNESCO Ehtiyat Siyahısına daxil olunmuşdur və ölkə əhəmiyyətli memarlıq abidəsi elan edilmişdir. Buna baxmayaraq, hazırda burada “Muğam Klubu” restoranı fəaliyyət göstərir.
[URIS id=51794]