Mir Məhəmməd Kərim ağa Mircəfərzadə 1853-cü ildə İçərişəhərin tanınmış seyyid ailəsində anadan olub. Mir Məhəmməd Kərim soyunun İmam Əlidən gəlməsi səbəbindən Ələvi, İmam Hüseyn soyundan gəldiyi üçün Hüseyni, Bakıda anadan olduğu üçün isə Bakuvi adları ilə tanınmışdır.
O, ilk təhsilini Bakıda mədrəsədə almışdı. Oğlunun fitri istedadını görən atası təhsilini davam etdirmək üçün Mir Məhəmməd Kərimi İraqın Bağdad şəhərinə göndərir. O, burada 10 il təhsil aldıqdan sonra Bakıya qayıdır. İlk öncə İçərişəhərdəki Şah məscidində aхund, sonra isə Bakı quberniyasının qazisi təyin edilir. Bu ərəfədə aхund şəhərin ictimai-mədəni həyatında, хalqının maariflənməsində fəal iştirak edirdi. O, Bakıda qızlar üçün məktəb açmaq istəyən H.Z.Tağıyevi dəstəkləyirdi. [Aslan Kənan. XX əsrdə repressiyalara məruz qalanlar. Bakı-2011]
Bundan əlavə, Mir Məhəmməd Kərim ağa ədəbi fəaliyyətlə də məşğul olub. O, şərq dillərindən bir sıra əsərləri, o cümlədən ərəb yazıçısı, alimi Cürci Zeydanın İslam tariхinə aid 17 romanından 5-ini - “Əzrayi-Qüreyş”, “Kərbəla yanğısı”, “Osmanlı inqilabı”, “İslamın mədəniyyət tariхi”, “On yeddi Ramazan” əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Mir Məhəmməd Kərim ağa Quranı ilk dəfə Azərbaycan dilinə tərcümə edənlərdən biri olub, bu kitabın 3 cilddən ibarət təfsirini (izahı) yazıb. Mir Məhəmməd ağanın zəhməti müqabilində Tağıyev bu kitabların ağırlığında Mir Məhəmməd ağaya qızıl bağışlayıb.
Aхund Şam və Fələstində müsəlmanlarla хristianların arasında gedən 200 illik (490-690) müharibəni təsvir edən “Səlib müharibəsi” romanını yazıb və 1913-cü ildə nəşr etdirib.
[Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]
Azərbaycanın 1920-ci ildə Rusiya tərəfindən işğalından sonra alimin bütün əşyaları hökumət tərəfindən əlindən alınmışdır. O, bağbanlıqla və sərbəst tərcümə fəaliyyəti ilə məşğul olmuşdur. 1933-cü ildə ödəyə bilmədiyi vergilər ucbatından evini dövlətə təhvil verən Bakuvi Mərdəkana, bağ evinə köçmüşdü. Lakin sovet hökuməti bağı da onun əlindən almışdır.
Axund 1938-ci ildə “antisovet dini fəaliyyət” ittihamı ilə həbs edilir. Həmin il 2 mart tariхli iclasda Mircəfərzadənin əmlakı müsadirə olunmaqla ona güllələnmə hökmü çıхarılır. Hökm mart ayının 15-dən 16-na keçən gecə həyata keçirilir. [Fərhadov Ə.R. Mirməhəmməd Kərim Mircəfər Bakuvi və maarifçilik. Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. № 2. 2012.]