Dağüstü park Bakının mərkəzində, Səbail rayonunun ərazisində yerləşir.
XIX əsrdə bu ərazidə “Çəmbərəkənd” adlı qəbiristanlıq yerləşirdi. Bu qəbiristanlıq köhnə Bakı şəhər qala divarlarının arxasında salınmışdır. Lakin vaxt keçdikcə, şəhər böyüyüb qala divarlarından kənara çıxdıqca qəbiristanlıq şəhərin yaşayış binaları arasında qalmışdır. Rus memarı Lev İlyin yazırdı: “Qədim zamanlardan şəhər qalasının qərbindəki Çəmbərəkənd təpələrində geniş qəbiristanlıqlar yerləşirdi. Onlar teraslarla dağlıq platoya yüksəlir və qatlarda yerləşirdi. Daha sonrakı qəbiristanlıqlar - erməni və rus qəbiristanlıqları - şəhər üzərində məkanları tutmuşdur”. [Ильин Л. А. Элементы архитектуры // Наши достижения : журнал. Москва-1935]
1882-ci ildə Bakı Şəhər Dumasının iclasında Çəmbərəkənd qəbiristanlığının yeni bir yerə köçürülməsi məsələsi müzakirə olunurdu. Yeni yer qəbiristanlığın arxasında idi. Çəmbərəkənddə isə ölülərin dəfni qadağan olunmuşdu. 1912-ci ilə qədər qəbiristanlıq təzə “Pirvənzərə” adlanan yerə köçürülür. Köhnə qəbiristanlığın müsəlman hissəsində, “Səadət” müsəlman din məktəbi tikilir. Manaf Suleymanovun kitabından: “Cümə gününün birində qəbiristanlıqda insanlar toplaşdı. Axund dua oxuduqdan sonra mərhumların yaxınları və yoldaşları qalıqları dağüstü qəbiristanlığına köçürdülər, boş qəbirlər yerlə bərabərləşdirildi və binanın təməli qoyuldu”. [Каспий : газета. — 1883. — 22 июня (№ 69)] [Манаф Сулейманов. Дни минувшие. Баку-1990]
Pirvənzərədə Səməd bəy Mehmandarov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski kimi ziyalıların qəbri yerləşib. 1918-ci il Bakı döyüşündə həlak olan türk əsgərləri və Rusiya imperatorunun devrilməsindən sonra Bakıya gələn ingilis əsgərləri də orada dəfn edilib.
1932-ci ildə qəbiristanlıq sökülür və onun yerində istirahət parkı salınır. Sovet hakimiyyəti park salınanda daş çatışmazlığı ilə üzləşir və dağıdılmış qəbirlərin başdaşlarından da istifadə edir. Bolşevik Sergey Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün həmin parkda abidəsi ucaldılır, parka onun adı verilir. Parkda açıq teatr, kafe, oxu zalı mövcud idi. Daha sonra bu ərazidə Bakı funikulyoru, Gülüstan Sarayı tikilir. [Бретнацкий Л. Баку. Москва-1970] [Труды института зоологии. Баку-1947]
1990-cı ilin yanvar hadisələrindən sonra əhali şəhid olmuş insanları dağüstü park ərazisində dəfn etmək qərarına gəlir. Dəfn üçün köhnə “Pirvənzərə” qəbiristanlığının ərazisi seçilir. 1991-ci ildə xalqın etirazlarından sonra Kirovun heykəli sökülür. [https://www.ens.az/az/sehidler-xiyabani]
Birinci Qarabağ müharibəsində həlak olanların bir hissəsi də burada dəfn edilib.
[URIS id=45646]