Nardaran qəsəbəsi Bakıdan 25 kilometr şimalda, Sabunçu rayonu ərazisində yerləşir.
“Nardaran” toponimi əksər tədqiqatçılara görə, fars dilindən, “nər” (ikihürgüclü erkək dəvə) və “daran” (yer, məskən) sözlərindən yaranıb, “dəvə saxlanan, yetişdirilən yer” mənasını verir. Bu, yerli əhalinin keçmişdə dəvəçiliklə məşğul olması ilə bağlıdır. Xalq etimologiyasına əsaslanan tədqiqatçıların bəziləri oykonimi “nar bitkisinin çox olduğu yer”, bəziləri isə atəşpərəstliklə əlaqədar “od olan yer” kimi izah edirlər.
Başqa mənbələrə əsasən, “Nardaran” sözü “nur olan yer” mənasını verir. Burada yeddinci İmam Museyi-Kazımın qızı Rəhimə xanım və xanımın həyat yoldaşı Mir Əbdullah ağa dəfn olunublar. Hazırda onların qəbirlərinin üzərində ziyarətgah tikilib. [Aydın Məmmədov. Qədim və indiki Abşerona səyahət. Bakı-2006] [Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007]
Nardaranda mövcud dini, hərbi, mədəniyyət abidələri XIV-XVII yüzilliklərə aid edilir. Onların arasında Nardaran qəsri, Xan bağı, məscidlər, karvansaray, şərq hamamları, müdafiə istehkamları var. Tarixçi Sara Aşurbəyli yazırdı: “Aydındır ki, XIII-XV əsrlərdə Nardaran bölgənin həyatında olduqca əhəmiyyətli bir rol oynamışdır. Burada Dərbəndi Şirvanşahların yaz iqamətgahı yerləşirdi”.
Nardaran qəsəbəsinin yaxınlığındakı “Ümid qaya” adlı ərazidə qayalar üzərində müxtəlif qədim işarələr və yazılar mövcuddur. Sara Aşurbəyli yazır ki, bu təsvirlər erkən tunc dövrünə aid edilir. Bu da Nardaranın yaşayış məkanı kimi qədimliyini sübut edir. [Ашурбейли С. Б.История города Баку: период средневековья. Баку-1992] [https://medeniyyet.az/page/news/21291/-Nardaran.html?lang=en]
1893-cü ilin statistik məlumatlarına görə, Nardaran kəndində 1830 sakin yaşayıb. 2019-cu ildə Nardaran əhalisi 10.2 min nəfər təşkil edib. [Свод статистических данных о населении Закавказского края. Тифлис-1893] [https://www.stat.gov.az/]