Mikayıl Hüseyn oğlu Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda anadan olub.
Abdullayev Bakının 21 nömrəli məktəbində oxuyub. O, 1935-ci ildə 7-ci sinfi bitirdikdən sonra indiki Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinə daxil olub. 1939-cu ildə isə o, V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olub. Burada Mikayıl İ.E.Qrabar, V.V.Fakorskaya, S.V.Gerasimov kimi müəllimlərdən dərs alıb. [Mürsəl Nəcəfov. Mikayıl Abdullayev. Bakı - 1983] [Elçin Orucov. Mikayıl Abdullayev-100.-Xalq qəzeti.-17 oktyabr 2021] [R.Əfəndiyev. Mikayıl Abdullayev. Bakı - 1958]
Böyük Vətən müharibəsi (1941-1945) başladığı üçün ali təhsilini yarımçıq saxlayan rəssam həmin illərdə faşizmi tənqid edən, sovet ordusunun döyüş ruhunu və qələbə əzmini göstərən plakatları hazırlamaqla və bir çox qəhrəmanların portretlərini çəkməklə məşğul olmuşdur. Rəssam müharibədən sonra təhsilini davam etdirib, 1949-cu ildə institutu bitirib. [Mikayıl Abdullayev zirvəsi.-Kredo.-21 dekabr 2018] [R.Əfəndiyev. Mikayıl Abdullayev. Bakı - 1958] [H.Wawoczny. Michail Hussejn-oglu Abdullajew. Farbige Gemäldewiedergaben. Leipzig - 1958]
Mikayıl Abdullayev 1947-ci ildə Moskvada baş tutan ümumittifaq bədii sərgidə “Axşam” əsəri ilə iştirak edib və bu, ona uğur gətirib. Rəssam Dədə Qorqudun, Nizaminin, Füzulinin, Səməd Vurğunun, Üzeyir Hacıbəyovun, Nəsiminin, Mirzə Fətəli Axundovun portretlərini çəkib. Abdullayev “Kitabi–Dədə Qorqud” dastanına, Füzulinin “Leyli və Məcnun”, Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” poemalarına təsvir nümunələri yaradıb. [Elçin Orucov. Mikayıl Abdullayev-100.-Xalq qəzeti.-17 oktyabr 2021] [Mürsəl Nəcəfov. Mikayıl Abdullayev. Bakı-1983]
Rəssam Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və başqa ölkələrdə səfərdə olan zaman “Benqal qızları”, “Rəcəstan qadınları”, “Qoca əfqan”, “R.Quttuzo” kimi əsərlərini yaradıb. Bakı metrosunun “Nizami” stansiyasındakı təsvirlərin yaradılması və işlənməsi Mikayıl Abdullayevə məxsusdur. [Fəxri Xiyaban. Bakı - 2007] [Mikayıl Abdullayev zirvəsi.-Kredo.-21 dekabr 2018]
[https://sonxeber.az/154678/dunyanin-en-gozel-metro-stansiyalari-top-10-foto-video]
Hələ sovet dövründə azərbaycanlı rəssamın əsərləri Paris, London, Sofiya, Berlin, Budapeşt, Dehli və dünyanın bir çox şəhərlərində beynəlxalq sərgilərdə nümayiş edilib. Həmçinin 1966-1967-ci illərdə Abdullayevin fərdi sərgisi Almaniyanın Berlin və Leypsiq şəhərlərində keçirilib. Sonrakı illərdə də rəssamın fərdi sərgiləri müxtəlif ölkələrdə keçirilib. Hal-hazırda onun əsərləri dünyanın muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. [Fəxri Xiyaban. Bakı - 2007]
Abdullayev SSRİ Xalq rəssamı fəxri adına layiq görülən ilk Azərbaycan rəssamıdır.
Rəssam Azərbaycan SSRİ Ali Sovetinin 5-9-cu cağırış deputatı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olmuşdur. Mikayıl Abdullayev Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti, SSRİ Xalq rəssamı fəxri adlarına layiq görülüb və “İstiqlal” ordeni ilə təltif edilmişdir. [Elçin Orucov. Mikayıl Abdullayev-100.-Xalq qəzeti.-17 oktyabr 2021]
Mikayıl Abdullayev 21 avqust 2002-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. [Fəxri Xiyaban. Bakı-2007]