20 oktyabr (köhnə təqvimlə 8 oktyabr) 1888-ci ildə III Aleksandr yoldaşı Mariya Fyodorovna, uşaqları Nikolay və Georgi ilə Bakıya səfər etmişdi. Bu, Rusiya çarının Bakıya ilk səfəri olmuşdur. [Эхо.- 2017.- 7 октября.- С.13] [Кавказский календарь за 1889 г. Тифлис-1888]
İmperatorun qatarı Bakı şəhərinə şənbə günü gündüz saat 12-də gəlmişdi. Bu zaman gəmilərdən yaylım atəşləri açılmışdı. Dəmiryol stansiyası və ora gedən yol bayraqlar və bitkilərlə bəzədilmişdi. Yol boyu bütün dirəklər Lənkərandan gətirilmiş yaşıllıqlarla örtülmüşdü.
Mariya Fyodorovna Bakı ictimaiyyətini təmsil edən xanımlar tərəfindən qarşılanmış, qubernatorun yoldaşı imperatriçaya gül dəstəsi təqdim etmişdi. Xanımların arasında bahalı parçalardan tikilmiş milli kostyumlar geyinmiş müsəlman qadınlar da var idi. Qubernator da xanıma gül dəstəsi təqdim etmişdi. Buketin bir tərəfində “1888-ci il, Bakı” sözləri təsvir olunmuş, digər tərəfində isə brilyantlarla imperatriçanın soyadının və adının baş hərflərini əks etdirən baş sancağı bərkidilmişdi. Küçələrdə xalq kütlələri toplanmışdı. Şəhər, hətta faytonlar və arabalar da bayraqlarla bəzədilmişdi. [Кавказский календарь за 1889 г. Тифлис-1888]
İmperatorun ailəsi vağzaldan İçərişəhərin Nikolayevski kilsəsinə yola düşür. Kilsədə təntənəli şəkildə qarşılanan imperator buradan qubernatorun evinə gedir. Qubernatorun evinin girəcəyində Abşeron piyada polkunun əsgərləri düzülmüşdü. Evin qarşısındakı meydançaya Bakı quberniyasının bütün təbəqələrini təmsil edən nümayəndələr toplanmışdı.
Ev dəbdəbəli şəkildə bəzədilmişdi: pilləkənlər tropik bitkilərlə örtülmüş, otaqlarda çiçək və qiymətli xalçalar, bahalı mebel, divanlarda qızılı işləməli mütəkkə yastıqlar yerləşdirilmişdi. Divarda imperatorun portreti asılmışdı.
Gündüz imperatorun ailəsi Mariinski qadın gimnaziyasına gəlir. Burada məktəbin tələbələri imperatriçaya ipəklə işlənmiş Bakı Gerbi və fars naxışları ilə bəzənmiş ağ süfrə hədiyyə edirlər. İmperatorun ailəsi buradan müqəddəs Nina qadın gimnaziyasına yola düşür və burada da tələbələrdən müxtəlif hədiyyələr alır.
Axşam saatlarında Qız qalasının yuxarı hissəsi qonaqların adlarının baş hərfləri ilə işıqlandırılmışdı: “A”, “M”, “N” və “G”. Axşam yeməyindən sonra imperatorun ailəsi əbədi odları və Atəşpərəstlər məbədini görmək üçün Suraxanıya yollanırlar.
Ertəsi gün imperator Bayıldakı Dəniz Kilsəsini, eləcə də qara şəhərdəki Nobel qardaşları cəmiyyətinin zavodunu ziyarət edir. Axşam imperatorun şərəfinə qubernatorun evində təntənəli şam yeməyi verilir, mərasimə bütün hərbi və mülki komandirlər dəvət olunur. [https://azerhistory.com/?p=12458]