Keçmiş Mariinski gimnaziyasının binası Bakıda, Filarmoniya bağının qarşısında, Niyazi küçəsi, 11-də yerləşir. Binanın layihəsi mühəndis Mixail Botov tərəfindən hazırlanıb.
Qadın gimnaziyası 1874-cü ildə yaranıb və indiki Süleyman Rəhimov küçəsində müxtəlif binalarda yerləşib. Sonralar gimnaziyada tələbələrin sayının artması səbəbindən yeni, daha böyük binaya ehtiyac yaranıb.
Şəhər hökumətinin yeni binanın tikintisi üçün lazım olan maddi resursları olmadığından Qadın Gimnaziyasının Qəyyumlar Şurası bu ideyanı həyata keçirmək üçün vəsait axtarmağa başladı. Bu zaman Bakıda küçələrin döşənməsi ilə məşğul olan Moskva zadəganı Qirş şəhərə gəlir. Qəyyumlar Şurasının bir çox üzvlərini tanıyan Qirş onların gimnaziya üçün uyğun bina tikmək istəyindən xəbər tutur. O, inşa xərclərini öz üzərinə götürməyə qərar verir.
22 iyul 1885-ci ildə İmperatriça Mariya Fyodorovnanın doğum günündə qadın gimnaziyası üçün binanın təntənəli təməlqoyma mərasimi baş tutur. Təməl daşlarından birinə yazılı metal lövhə qoyulur və orada belə yazılır: “İmperator III Aleksandrın hakimiyyəti dövründə, imperatriça Mariya Fyodorovnanın ad günündə… şəhər dumasının hökmü ilə Bakı şəhəri Mariinski Qadın Gimnaziyasının binasının təməli qoyuldu”. [Здание Мариинской женской гимназии - история постройки (Баку) — OurBaku]
Tikinti işləri zamanı binanın layihəsi bir neçə dəfə dəyişdirildi, 1887-ci ildə gimnaziya binasının inşası başa çatdırıldı.
1887-ci ilin “Kaspi” qəzeti yazırdı: “Birinci mərtəbədə direktorun və müəllimlərin mənzilləri, eləcə də sinif otaqları, yuxarı mərtəbədə isə yalnız sinif otaqları yerləşir. Otaqlar böyük və işıqlıdır, yataqxanalar, istirahət zalı xoş təəssürat yaradır. Direktorun və müəllimlərin mənzillərində eyvana, mətbəxə və camaşırxanaya çıxan qapılardakı iri aynalı şüşələrə diqqət yetirilir; həmçinin…Sankt-Peterburqdan yenicə alınan lampalar və çilçıraqlarla işıqlandırılan yuxarı mərtəbədəki akt zalı da diqqətəlayiqdir; nikel qapı tutacaqları olan pəncərələr və qapılar; …tametdən döşəmə...Cənab Qirşin külli miqdarda xərclədiyi… vəsaiti nəzərə alaraq, o, bu gimnaziyanın fəxri müvəkkili seçildi”.
26 sentyabr 1887-ci ildə qonaqların və müəllim heyətinin iştirakı ilə Mariinski Qadın Gimnaziyasının yeni binasının açılışı baş tutdu. Axşam gimnaziyanın binasında bal keçirildi. [Газета "Каспий", 29.09.1887 г.]
1917-ci ildə çar Rusiyasında baş vermiş Oktyabr inqilabından sonra gimnaziya fəaliyyətini dayandırdı. [https://azerhistory.com/?p=9918]
Sovet dövründə binada Kommunist Partiyasının Bakı Şəhər Komitəsi yerləşirdi. Müstəqillik illərində bina Azərbaycan Milli İncəsənət Muzeyinə verilmişdir və bu gün muzeyin ikinci korpusu kimi fəaliyyət göstərir. [Галина Микеладзе. Национальный музей искусств отмечает 80-летие. Каспiй.-2015.- 13 февраля.- С. 8-9]