Azərbaycanın ilk şəkilli jurnalı “Molla Nəsrəddin”in birinci sayı 1906-cı ilin aprel ayında Tiflisdə işıq üzü görüb. 1922-ci ildə satirik jurnalın nəşri Bakıya köçürülüb. 9 il ərzində Bakıda jurnalın 400 nömrəsi çap olunub.
Həmin vaxt jurnalın baş redaktoru və təsisçisi Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”in işinə rəssam Əzim Əzimzadəni cəlb edir. O vaxtdan Əzimzadə jurnalın baş rəssamı kimi fəaliyyət göstərir. Rəssam 1922-1931-ci illər ərzində jurnal üçün 1500-ə yaxın karikatura çəkmişdir.
Jurnalın sovet Azərbaycanında ilk nəşri 1922-ci ilin noyabrında həyata keçirildi. “Molla Nəsrəddin”in ikinci nömrəsində “Azərbəyim” adlı karikatura çap edilmişdir. Bu karikaturada Azərbaycanın sərvətini, xüsusilə də Bakı neftini ələ keçirmək xəyalında olan xarici inhisarçılar ifşa edilirdi. Sorğu-sual başlanılanda Mirzə Cəlil demişdir: “Azərbaycan neftini kəndlilərimiz gedib qonşu respublikalardan birə on qat baha alıb yandırırlar ki, qaranlıqda qalmasınlar”. [Hacızadə B.K. Ə.Əzimzadə və "Molla Nəsrəddin" jurnalı. //Mədəni-maarif .-2010.- №1/2.- S.58-62.]
Bakıya gəldikdən sonra Mirzə Cəlil və Mərkəzi Komitə arasında jurnalın məzmunu haqqında mübahisə başladı. Jurnalın ideya-siyasi istiqamətləri barəsində Mərkəzi Komitənin səlahiyyət sahibləri ilə Mirzə Cəlil arasında “tərbiyəvi söhbətlər” aparılsa da, Məmmədquluzadə öz fikrindən dönmədi. Bu vəziyyətdə jurnalın nəşrinin şair M.S.Ordubadinin nəzarəti altında həyata keçirilməsi qərarlaşdırıldı. Məmmədquluzadənin xəbəri olmadan jurnalın bir neçə sayı buraxılır, lakin orada baş redaktor kimi onun adı yazılırdı.
Yazıçı Qulam Məmmədli öz xatirə müsahibəsində belə deyirdi: “1922-ci ildən sonra “Molla Nəsrəddin” tamamilə simasını itirdi. Mirzə Cəlil ağır mənəvi və sözün əsl mənasında maddi çətinliklər içərisində qaldı. 1930-cu ildə xəstələndi. 1931-ci ilin sonunda ağır vəziyyətə düşdü. 1932-ci ilin yanvarın 4-də o, dünyanı tərk elədi”. [Akif Aşirli. Azərbaycan mətbuatı (1875-1920). Bakı-2009]
Azərbaycan KP MK-nın 1929-cu ildə keçirilmiş plenumunda “Molla Nəsrəddin” jurnalının Mübariz Allahsızlar Cəmiyyətinin orqanı olaraq ateist jurnalı kimi nəşr edilməsi haqda qərar qəbul edildi. Rəsmi dairələrdə Məmmədquluzadənin narazılığına fikir vermirdilər. Nəticədə 1931-ci ilin əvvəlində Mirzə Cəlil “Molla Nəsrəddin”in fəaliyyətini dayandırmışdır. Allahsızlar Cəmiyyətinin orqanı kimi yeni “Molla Nəsrəddin” çap olunsa da, bu jurnal nüfuz qazana bilməmiş və 5 saydan sonra fəaliyyətini dayandırmışdır. [“Molla Nəsrəddin” ensiklopediyası. Bakı-2020]