Pir Həsən türbəsi Bakının Mərdəkan qəsəbəsinin Ramin Qasımov küçəsindəki Pir Həsən ziyarətgah kompleksi ərazisində yerləşir.
Türbənin giriş hissəsinin üzərində ərəbcə kitabə mövcuddur və orada yazılıb: “Bu mübarək məqbərə ən kamil insanların nümunəvisi Pir Həsənindir. Əzəmətli xaqan Şah Abbas (Allah onun hökmranlığını əbədiləşdirsin) vaxtında Dərviş əl-Hüseyni tikdirmişdir. Min iyirmi birinci il (1612-1613)”. Sol tərəfdə yerləşən ikinci kitabədə isə “Ustad Yar Əlinin oğlu Nadir Əlinin işidir” sözləri həkk olunub. [Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-2010]
Deyilənə görə, burada dəfn olunan Pir Həsən XVII əsrdə yaşayıb və İmamların nəslindəndir. Türbə kvadrat formaya malikdir və yonulmuş daşlardan inşa edilib. Ziyarətgahın giriş hissəsi oxvari tağ-tavanla örtülüb. Bu tağın yuxarı hissəsi ornamentlərlə bəzədilib. Türbə binasının üzərində bir günbəz yerləşir. [Саламзаде А.В. Архитектура Азербайджана XVI-XIX вв. Баку-1964]
Ziyarətgahda, həmçinin çıldağ ocağı yerləşir. Çıldağ qədim şərq müalicə üsulu hesab edilir. İnsanlar buraya öz qorxularını götürmək və bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün üz tuturlar. Yerli çıldağçıların sözlərinə görə, bu müalicə üsulu Pir Həsənin özündən gəlmədir. Ölümündən sonra isə müalicənin uğurlu alınması üçün məhz onun türbəsində icra edilir. [https://medeniyyet.az/page/news/12354/Pir-Hesen-ziyaretgahi.html]
Pir Həsən türbəsi ölkə əhəmiyyətli abidə hesab edilir.