Əjdərbəy məscidi Bakıda, Səməd Vurğun küçəsi 76-da yerləşir. İbadət evi xalq arasında həm də “Göy məscid” və ya “İttifaq məscidi” kimi də tanınır.
İbadətgah 1912-1913-cü illərdə xeyriyyəçi Əjdər bəy Aşurbəyovun sifarişi ilə inşa edilib. Məscidin layihəsi memar Zivər bəy Əhmədbəyov tərəfindən 1911-ci ildə hazırlanıb. [Шамиль Фатуллаев-Фигаров. Архитектурная энциклопедия Баку. Баку-1998]
Bu ibadət evi müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınmışdır. Deyilənə görə, Əjdər bəy Aşurbəyov məscidi inşa edərkən arzusu belə olub ki, buraya üz tutan şiələr və sünnilər heç bir maneə olmadan birlikdə namaz qılsınlar. Bu ənənə indi də qorunub saxlanılır. İttifaq məscidi bu günə qədər İslam dininin hər iki məzhəbindən olan müsəlmanların birlikdə namaz qıldıqları yeganə məkandır.
Günbəzinin rənginə görə, tikili el arasında “Göy məscid” kimi də adlanır. [Bakının mərkəzində qərar tutmuş, özü kimi tarixi də qədim və zəngin olan Əjdərbəy məscidi. Mədəniyyət.- 2009.- 25 sentyabr.- S. 15.]
Əjdər bəy Aşurbəyov 1923-cü ildə ölümündən sonra bu məsciddə dəfn olunub. Bu zamandan ibadətgah onun adını daşıyır. [https://www.youtube.com/watch?v=_kXgv3yf9u8]
Sovet dövründə Əjdərbəy məscidi fəaliyyətini dayandırmışdır. Buraya İslama zidd elementlər əlavə olunmuşdur. Lakin İkinci Dünya Müharibəsindən sonra döyüş iştirakçılarının müraciətləri nəticəsində məscid yenidən dindarların istifadəsinə verilmişdir. [Bakının mərkəzində qərar tutmuş, özü kimi tarixi də qədim və zəngin olan Əjdərbəy məscidi. Mədəniyyət.- 2009.- 25 sentyabr.- S. 15.]
O zaman bu ziyarətgah 400 nəfərin ibadəti üçün nəzərdə tutulmuşdu. Müstəqillik dövründə məscidə ziyarətə gələnlərin sayı artır. Bu səbəbdən məscidin yenidən qurulması haqqında qərar qəbul edilir. 2010-cu ildə başlayan yenidənqurma işləri nəticəsində məscid ilkin görkəminə bənzədilir. Bu gün məsciddə eyni vaxtda 3000-ə yaxın insan ibadət edə bilər.
Bundan başqa, məscid-kompleksdə qurbangah, namaz zalı və daha bir neçə yardımçı otaqlar da tikilib. [https://scwra.gov.az/az/view/objects/32]
[URIS id=37974]