Milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 1 sentyabr 1924-cü ildə 86 (bəzi mənbələrdə 101) yaşında Bakıda, Mərdəkanda yerləşən bağ evində vəfat etmişdir. Onun dəfninə böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər. Sentyabrın 4-ndə, iradəsinə uyğun olaraq, onu Mərdəkandakı “Pirhəsən” pirində, Bakı axundunun – Molla Abuturabın ayaqları altında dəfn edirlər. Tağıyevin iradəsi haqqında əfsanələrdən biri bunları deyir:
Bir gün Tağıyevin müəllimi Axund Hacı Turab onun üçün Quranın Yasin surəsini, oxuyub tərcümə edirdi. “Allah bir şeyə iradə eləsə, ona “Ol!” deyər, o da dərhal olar” sözlərinə çatanda, Tağıyev soruşur:
-Yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar?
-Bəli! – axund cavabını verir.
Həmin an Axundun bu sözlərini Hacı o qədər də inandırıcı qəbul etmir. Bu söhbətdən on il sonra, 1920-ci illərdə, bolşeviklər Tağıyevin bütün varını ələ keçirdikdən sonra, Hacı Axundun sözlərini xatırlayır və vəsiyyət edir: “Onun bir barmağının bildiyini mənim başım da bilmir. Buna görə də, məni onun ayaqları altında dəfn edin”.
Hacı Zeynalabdin Tağıyev Axunda hörmətlə yanaşırdı, məsləhət və göstərişlərini dinləyirdi. Tağıyev, onu təhsilinə və mütərəqqiliyinə görə yüksək qiymətləndirirdi. 1901-ci ildə, Tağıyevin qızlar məktəbinin açılışından sonra, Bakı varlıları öz qızlarını məktəbə göndərməkdən imtina edirlər. O zamanların düşüncələrinə görə, qızın təhsil alması İslamda günah hesab olunurdu. Bu vaxt Hacının köməyinə gələn yaxın dostu Axund Mirzə Əbu Turab olur. O, öz qızını Tağıyevin qız məktəbinə qoymaqla bəzi dindarlara qarşı çıxır.
1913-cü ildə Pirhəsən pirində, Axund Hacı Turab türbəsi, 1989-cu ildə isə Zeynalabdin Tağıyevin heykəli ucaldılıb.
Mənbələr: