Şair Mikayıl Müşfiqin “Sənə Qurban” şeirinə yazılmış mahnının belə bir tarixi var:
1931-ci ildə Mikayıl Müşfiqin aşiq olduğu Dilbər Axundzadə bir müddətlik Gəncəyə getməyə hazırlaşırdı. O, Mikayılla görüşlərin birində ona bunu bildirir. Bu zaman şair kövrəlir və Dilbərə “Ayrılıq” şeirini deyir. Müşfiqin halı Dilbərə təsir edir və xanım ona cavab verir:
-İstəyirsən, heç getməyim, daha bundan ötəri niyə belə narahat olursan.
Müşfiq yenə də şeirlə cavab verir:
Deyirsən, yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal, sənə qurban.
Nə zaman istəsən, əziz canımı
Qumral gözlərinlə al, sənə qurban.
Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı,
Gəl çəkmə könlümə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.
-Ay Müşfiq, bu gözəl şeirdir. Bəs o qara qul sözü nədir? Heç sənin kimi vüqarlı şairə də qul sözü yaraşarmı?
-Mən öz məhəbbətimin qulu olmağımdan fəxr edirəm.
[Axundzadə Dilbər: Müşfiqli günlərim. Bakı-2005]
Bir müddət keçdikdən sonra bəstəkar Ələkbər Tağıyev bu sözlərə musiqi bəstələyir. Müşfiqin ölümündən 30 il sonra, 1968-ci ildə bu mahnı ilk dəfə muğənni Zeynəb Xanlarovanın ifasında səslənir. Mahnı Zeynəb Xanlarova tərəfindən bir çox Yaxın Şərq ölkələrində verilmiş konsertlər zamanı ifa edilir.
Sonralar mahnı müxtəlif ölkələrdən olan müğənnilər tərəfindən yunan, ərəb, türk və başqa dillərdə ifa edilmişdir. 1985-ci ildə İran ermənilərindən olan müğənni Andranik Madadyan mahnını erməni dilində “Garun” (Bahar) adı ilə ifa edir. Bundan sonra ermənilər musiqinin onlara məxsus olduğunu deyirlər. [https://apa.az/az/xeber/medeniyyet-siyaseti/xeber_muellif_huquqlari_agentliyi_____sene_qurba_-344462 ]
2012-ci ildə Suriyada vətəndaş müharibəsi zamanı müxalifətin hakimiyyət əleyhinə nümayişində bu mahnı səslənmişdir. Mahnının sözləri dəyişilir və etirazçıların azadlıq himninə çevrilir.
2017-ci ildə Türkiyədə referendum ərəfəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) təbliğat videosunda “Sənə Qurban” mahnısının musiqisindən istifadə olunur. [https://www.bbc.com/azeri/multimedia/2012/08/120803_qal_sene_gurban] [http://istipress.com/siyaset/17-03-2017/turkiye-partiyasi-zeyneb-xanlarovanin-mahnisini-ogurladi-video]