Təzəpir məscidi Bakıda, Yasamal rayonunda, Mirzə Fətəli küçəsində yerləşir. Məscid 1905-1914-cü illərdə xeyriyyəçi Nabat Aşurbəyovanın vəsaiti ilə inşa olunub.
Tədqiqatçıların fikrincə, Təzəpir məscidi XIV-XV əsrlərə aid qədim türbənin üzərində tikilmişdir. Bu türbə, zəmanəsinin alimi Əbu Seyid Abdullaya məxsus olub. Türbənin yerləşdiyi məkan ötən əsrin ortalarına qədər "Xəlfədam" adı ilə tanınırdı. Bu yerdə yeni məscid tikildiyinə görə, xalq arasında tikili bu günə kimi Təzəpir məscidi adlanır.
Bu məscidin tikilməsi, memar Zivər bəy Əhmədbəyova tapşırılmışdır. Nabat xanım Zivər bəyə xeyli vəsait verərək, onu məşhur məscidlərin memarlığını öyrənmək üçün Şərq ölkələrinə səyahətə göndərmişdi. Ezamiyyətdən sonra, Zivər bəy hündür ikimərtəbəli minarəsi olan məscidin layihəsini təqdim etmişdi. Lakin Bakı qubernator idarəsi Aleksandr Nevski kilsəsindən hündür bina tikməyə icazə vermir. Buna görə, məscid birmərtəbəli inşa edilir.
Milyonçu Hacı Zeynalabdin Tağıyev, məscidin tikilməsi üçün Nabat xanıma maddi yardım təklif edir. O isə, Tağıyevə təşəkkür edir və deyir: “Əgər imkanınız varsa, siz də bir məscid tikdirin”. Lakin Nabat xanım, əvvəllər adi bənna kimi işləyən Tağıyevi 23 iyul 1905-ci ildə məscidin birinci daşının qoyması üçün dəvət edir. Doqquz ildən sonra, məscidin sonuncu daşını da o qoyur.
Nabat xanım 1912-ci ildə vəfat edir. Ölümündən sonra məscidin tikintisini oğlu davam etdirir. Nabat xanım və oğlu məscidin girişində dəfn olunublar.
SSRİ dövründə Təzəpir məscidi çay fabriki, yay kinoteatrı, anbar və s. kimi istifadə edilib. Sonradan məscid fəaliyyətini davam edib. 2005-2009-cu illərdə burada bərpa işləri aparılıb.
Mənbələr: