Safurə Ağabala qızı İbrahimova 27 dekabr 1938-ci ildə Bakıda, Nardaran qəsəbəsində anadan olub.
Safurə ilk təhsilini 14 saylı orta məktəbdə alıb. O, məktəb illərində “Həyat öyrədir” adlı qısametrajlı filmdə çəkilib. İbrahimova 1955-ci ildə məktəbi bitirir və həkim olmaq istəyir, lakin son imtahandan kəsilir. O, 1955-1960-cı illərdə “Stalinneft” trestində və 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib.
Safurə İbrahimova 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. O, birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramı əsasında qoyulmuş tamaşada Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan aktrisa 1961-ci ildə həmin teatrın truppasına daxil olub. [https://vesti.az/kultura/proklyataya-za-professiyu-safura-tozhe-khotela-sozdat-semyu-no-skazka-o-bakhar-gyzy-kotoraya-rodilasv-ssylke-foto-425796] [https://modern.az/az/news/270423/sefure-ibrahimova-vefat-etdi]
Teatr səhnəsində o, Jasmin (“Knyaz”, H.Cavid), Gülnar, Tamara (“Vaqif”, S.Vurğun), Zəhrabəyim, Nazlı (“Anamın kitabı”, “Ölülər”, C.Məmmədquluzadə), Ofeliya (“Hamlet”, V.Şekspir), Saşa (“Canlı meyit”, L.Tolstoy), Sevil (“Sevil”, C.Cabbarlı) və digər obrazları canlandırıb.
1967-ci ildə SSRİ dövründə Novruz bayramı dövlət səviyyəsində keçirilərkən ilk bahar qızı Safurə İbrahimova olub.
Aktrisa 20-dən artıq bədii filmdə çəkilib. Onların sırasına “Sevil” (Dilbər), “Dərviş Parisi partladır” (Gülpəri), “Qaynana” (Sədaqət), “Arşın mal alan” (Telli) kimi bədii filmlər daxildir. [http://anl.az/el/emb/TEATR/aktyorlar/Sefure_Ibrahimova.htm]
Aktrisa 2005-ci ildə işlədiyi Milli Dram Teatrını tərk edir. O, ömrünün son illərini təkliyə qapanaraq keçirir.
2020-ci ilin noyabrında aktrisa evində huşunu itirmiş halda tapılır. Uzun sürən xəstəlikdən əziyyət çəkən Safurə İbrahimova 21 dekabr 2020-ci ildə vəfat edib. O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib. [http://mct.gov.az/az/umumi-xeberler/13379]
Aktrisa “Azərbaycan SSR əməkdar artisti” (1974), “Azərbaycan Respublikasının xalq artisti” (2002) fəxri adlarına, Azərbaycan SSR dövlət mükafatına (1984), Azərbaycan Respublikası Prezidentinin II dərəcəli dövlət mükafatına (2002) layiq görülüb.