Əhəd Fərzəli oğlu Əliyev 1893-cü ildə Bakıda anadan olub. [Firidun Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı-1985]
Əhəd iki yaşında göz xəstəliyinə tutulur və bir il sonra onun gözləri tamamilə tutulur. Altı yaşında olarkən anası ona 7 dilli qarmon alır. Musiqi aləti onun təsəllisinə çevrilir. Sənətkarın musiqi müəllimi olmayıb, onun yeganə məktəbi məhəllə toyları və qrammafon valları idi. [Azadlıq.- 2013.- 8 fevral.- S.14]
Əhəd toylarda qarmonçalana yaxın oturaraq onu dinləyərdi. Evə gəldikdən sonra eşitdiyi mahnını ifa edib öyrənərdi. Sənətkar 13-15 yaşında olarkən artıq 14 dilli qarmonda çalmağa başlamışdı və yığıncaqlara, şənliklərə dəvət olunurdu. O, 16 yaşından bir çalğıçı kimi qadın toylarına dəvət olunurdu. [Firidun Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı-1985]
Əhəd Əliyev, həmçinin saz, pianino, tarda ifa etməyi bacarırdı. Bir çox sənətkarlar kimi Əhədin də öz tar, dəf, qoşanağarada çalan musiqiçi dəstəsi var idi. Sovet hakimiyyəti qurulduqdan sonra o, mədəniyyət evlərində, konsert salonlarında çıxış edirdi.
Bəstəkar Müslüm Maqomayev Əhəd Əliyevi radioda çalmaq üçün dəvət edir və 1927-1933-cü illərdə onun çalğısı radio ilə bütün Azərbaycana yayılır. 1931-ci ildə Üzeyir Hacıbəyov sənətkarı Azərbaycan radiosunun “Notlu Şərq orkestri”nə dəvət edib. [Mədəniyyət.- 2013.- 22 noyabr.- S. 15.]
Əhəd Əliyevin qızı Leylanın dediklərinə görə, Üzeyir bəy onun ifasını çox bəyənirdi və opera teatrına işləməyə də dəvət etmişdi. Sənətkarın Üzeyir bəyə verdiyi “Mən qarmon ilə operada nə edəcəm?” sualına belə bir cavab gəldi: “Heç nə. “Arşın mal alan”ın axırıncı toy pərdəsində oyun havalarını, daha doğrusu, “Tərəkəmə”ni sən çalmalısan. Bir bunun xatirinə səni operaya dəvət edirəm.” [https://kulis.az/xeber/media/omru-boyu-gozleri-gormedi-oglu-muharibeden-qayitmadi-ovladina-gore-xanimini-danisdirmadi-muslum-maqomayevin-meshurlasdirdigi-kor-ehed-kim-idi-43302]
Sənətkar ömrünün son illərində Azərbaycan Dövlət Akademik Filarmoniyasında, opera teatrında, radioda və digər musiqi müəssisələrində fəaliyyət göstərib.
Əhəd Əliyev 1942-ci ildə Bakıda vəfat edib. [Firidun Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı-1985]