Kiçik karvansaray Bakıda, İçərişəhərdə, H.Rzayeva küçəsi, 1-də yerləşir. Abidə, həmçinin “Xan karvansarayı” kimi tanınır. Karvansaray orta əsrlərdə mövcud olmuş, lakin günümüzə qədər gəlib çatmamış ticarət kompleksinə daxil olub.
Abidə quruluşca XVI - XVII əsrlərin karvansaraylarına aid edilir. Lakin memar Ə.Salamzadə karvansarayın və onun daxil olduğu kompleksin həmin əsrlərdə bərpa və ya təmir edildiyini, kompleksin isə daha qədim dövrlərə aid olmasını ehtimal edirdi. [Саламзаде А.В. Архитектура Азербайджана XVI-XIX вв. Баку-1964]
Bəzi tədqiqatçıların fikrinə əsasən, bu tikili kаrvаnsаrаy kimi fəaliyyət göstərməzdən əvvəl Cümə məscidinin mədrəsəsi olub. [https://icherisheher.gov.az/az/monument/6]
Səyyah S.Q.Qmelin XVIII əsrdə Bakıya səfərindən bəhs edərkən Xan karvansarayı haqqında yazırdı: “Karvansaray, həqiqətən də, haqqında bəhs edilməyə layiqdir; o düz dənizin kənarında yerləşir və buna görə də gəmilərdən malların onun vasitəsi ilə şəhərə keçirilməsi rahatdır.” [Гмелин С.Г. Путешествие по России. Ч. III. Санкт-Петербург-1785]
Binanın bir qapısı dəniz sahilinə, digəri isə şəhərin əsas ticarət küçəsinə açılırdı. Xan karvansarayının dənizə açılan qapısı Bakı qalasına dənizdən girişi təşkil edən beş qapıdan biri olmuşdur.
Karvansaray kvadrat formaya malikdir. Karvansarayın mərkəzində yerləşən həyət eyvanla əhatə olunub. Binanın otaqları dördbucaqlı formada, künc otaqlar isə beşbucaqlı formada inşa edilmişdir. Karvansarayın birinci mərtəbəsində anbarlar yerləşdirilmişdi. Planda şəhər bazarı tərəfdən binanın fasadında daxili həyəti ilə əlaqələndirilməmiş kiçik otaqlar göstərilmişdir. Ehtimal edilir ki, burada vaxtı ilə dükanlar yerləşib. [Kamil Fərhad oğlu. Bakı. İçərişəhər. Bakı-2006] [Саламзаде А.В. Архитектура Азербайджана XVI-XIX вв. Баку-1964]
Kiçik karvansaray ölkə əhəmiyyətli abidə hesab edilir. Bina 2010-cu ildə bərpa olunub və hazırda burada “İncəsənət bağı” fəaliyyət göstərir.
[caption id="attachment_106395" align="alignnone" width="640"] Foto pastvu.com saytı[/caption]