Köhnə Bakıya aid sənətlərdən biri faytonçuluq hesab edilir. Faytonların tarixi XIX əsrin sonlarından başlayıb. O zamanlar fayton sürətli, yüksək manevr qabiliyyətinə malik, rahat nəqliyyat vasitəsi kimi bütün dünyada məşhurlaşmışdı və Bakıya da gəlib çıxmışdı. Əksər hallarda faytonları kəndlilər, yaxud İçərişəhərdən olan bakılılar sürürdü. Hətta Bakıda faytonçuların yaşadığı Faytonçu küçəsi də mövcud olub. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]
Faytonçular zəngin neft sənayeçisinin və ya səxavətli zabitin toy karteji üçün fayton tutduğu günlərdə daha yaxşı qazanc əldə edirdilər. Bəzi hallarda kortejdə 15 fayton gedirdi. Faytonlar məşəl yandıraraq, musiqi ilə yollarını şəhərin gur küçələrindən salardılar ki, bütün camaat görsün. Öndəki faytonda bəy və gəlin, ikinci və üçüncüsündə musiqiçilər, daha sonrakılarda qohumlar oturur, ən arxada gedən faytonlar isə mebel, pal-paltarın yığıldığı yeşiklər və ev əşyalarını daşıyırdı. [http://regionplus.az/az/articles/view/5722]
Bəzən fayton sürətli nəqliyyat vasitəsi kimi, cinayət yerinə gəlmək və oranı tez bir zamanda tərk etmək üçün də istifadə olunub. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]
Zaman keçdikcə şəhərin rəmzi olan faytonlar avtomobillərlə əvəzlənməyə başladı.
Fayton Bakıya bir də 1960-cı illərdə qayıdıb. O dönəmdə şəhər inkişaf edirdi, bulvarda təmir-bərpa işləri aparılırdı. Faytonlar bulvar boyunca və şəhərin tarixi mərkəzində dolaşmaqla yerli sakinlər və turistlər tərəfindən əyləncə məqsədilə istifadə edilirdi. [http://regionplus.az/ru/articles/view/5722]
Bu gün də Bakı küçələrində nadir hallarda da olsa, fayton görmək mümkündür.
Fayton yeddi əsas hissədən - ox və təkərlər, dörd ədəd yay, çanaq (faytonun evi), iki ədəd qanad, çətir və dişlərdən ibarət idi. Faytonun sahibləri onun xarici görkəminə fikir verib, çalışırdılar ki, qoşqu üçün xüsusi seçilmiş atların hər ikisi eyni böyüklükdə və eyni rəngdə olsun. Qabaq təkəri üstündə olan üçüncü oturacaq faytonçu üçün idi. Faytonçunun ayağını qoyduğu taxtaya şaquli istiqamətdə bərkidilmiş fayton hissəsi “iş-tox” adlanırdı. Nazik dəmir lövhədən, yaxud taxtadan hazırlanmış “iş-tox”un əsas vəzifəsi hərəkət vaxtı atların ayaqlarından qalxan tozun qarşısını almaq idi. Çanağın arxa hissəsinə bərkidilmiş “çətir” adlanan hissə yağışdan, gündən və küləkdən qorunmaq məqsədilə faytonun üstünü örtürdü. Gecə yolu işıqlandırmaq məqsədilə faytonçunun əyləşdiyi oturacağın yanlarına neftlə işləyən və ya şamla işıqlandırılan iki ədəd fənər də bərkidilirdi. [Qədim şəhərin əsas nəqliyyat vasitəsi. Azərbaycan.- 2019.-3 noyabr.- S.4.]
[URIS id=96395]