XIX-XX əsrlərdə ənənəyə əsasən, toylara, el şənliklərinə mütrüblər dəvət olunardı. Bu mütrüblər qadın paltarı geyinən, məclisdə insanları rəqs edib əyləndirən oğlanlar idi. Rəqqasların iştirak etdiyi toylar, əsasən, Şamaxı-Bakı zonasının toyları olub.
Mütrüb sözünün ərəb dilində “çalğıçı, sazəndə, rəqs edə-edə mahnı oxuyan, toylarda oynayan” mənaları var. Xalq deyimlərində həmin sözün “mütrib”, “mütrüf”, “mütrüp” kimi tələffüzləri də mövcuddur. Eramızın əvvəllərindən başlayaraq, rəqs edə-edə oxuyan şərqiçilərə, həmçinin çalğıçılara, aşıqlara, nəqqallara (nağıl danışan ifaçılar) da mütrüb deyilib.
Mütrüblərin keyfiyyətli ipək və yundan xüsusi libasları olardı: dar şalvar, dar köynək, zərli-zibalı qırçın, qızılı ipdən kəmər, qismən dikdaban ayaqqabı. Rəqqas mütrüblər saçlarını uzadar, əllərinə xına yaxar, bəzək əşyaları taxarmışlar. Məclislərdə hamı yığışanda mütrüb oynamağa başlayarmış. Bir qədər sonra mütrüb kəmərçin geyib, baş barmağı ilə şəhadət barmağına zəng keçirib, başına bir kəlağayı salıb, xalabacı oyun havasını (Azərbaycan milli rəqsi) oynarmış. [Манаф Сулейманов. Дни минувшие. Баку-1990]
Məclislərin adətlərinə görə, qonaqlar toy və ya məclis sahibinə hədiyyələrini və təbriklərini mütrüblər vasitəsilə çatdırırmışlar. Belə ki, cavanlar toya özləri ilə alma, badam, konfet gətirərmiş, mütrübü yanlarına çağıraraq məclisin digər başına konfet və təbrik göndərərmişlər. Bu səbəbdən mütrüblərin üstündə tez-tez davalar da düşərdi, adamlar yaralanar və ölərdilər.
Mütrübləri, əsasən, İraqdan və İrandan gətirərdilər. [Sarabski Hüseynqulu. Köhnə Bakı. Bakı-2006]