Seyid Yəhya Bakuvi türbəsi İçərişəhərdə, Şirvanşahlar sarayının aşağı həyətinin cənub hissəsində yerləşir. Xalq arasında abidə “Dərviş türbəsi” kimi də tanınır.
Türbənin içərisində məzar olsa da, onun kimə aid olduğu dəqiq məlum deyil. Deyilənlərə görə, türbə XV əsrə aiddir və burada Şirvanşah I Xəlilullahın dövründə saray alimi olmuş Seyid Yəhya Bakuvi dəfn edilmişdir. Bakuvi sufizm təliminin davamçısı olduğuna görə “dərviş” adı ilə tanınmışdır. [Kamil Fərhadoğlu. İçərişəhər. Bakı-2006]
Məşədixanım Nemətin “Azərbaycan pirləri” kitabına əsasən, bu türbənin Seyid Yəhya Bakuviyə heç bir aidiyyəti yoxdur və burada Seyiddən əvvəl yaşamış bir dərviş dəfn olunmuşdur. [Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-2010]
Türbə səkkizbucaqlı formadadır və piramida şəkilli günbəzlə örtülüb. Buranın divarları tünd və açıq daşlardan hörülüb. Türbənin şəbəkəli üç pəncərəsi var, həmin şəbəkələr daşdan yonulub. Abidə yeraltı və yerüstü hissədən ibarətdir. Məqbərənin yuxarı hissəsi dini ayinlər üçün xidmət edirdi. Dərvişin qəbri isə məqbərənin zirzəmisində yerləşir. [Dadaşov S. Üseynov M. Bakının memarlıq abidələri. Bakı-1955]
Abidə 2003-cü ildə UNESCO-nun vəsaiti hesabına bərpa olunmuşdur. Seyid Yahya Bakuvi türbəsi UNESCO Ümumdünya İrsi siyahısına daxildir və dünya əhəmiyyətli abidə kimi qorunur.
Seyid Yəhya Bakuvi Şamaxı şəhərində anadan olub. O, müəllimi Şeyx Sədrəddinin ölümündən sonra Bakıya gələrək ömrünün sonuna kimi burada yaşamışdır. Seyid Yəhya hicri tarixi ilə 862-ci (1458) ildə vəfat edib. [Kamil Fərhadoğlu. İçərişəhər. Bakı-2006]
[URIS id=99498]