1970-ci illərdə Bakının Qaradağ rayonunun Bəndovan burununun sahil hissəsi və sualtı ərazisində arxeoloji tədqiqatlar aparılmışdır. Axtarışlar zamanı tədqiqatçı V.A.Kvaçidze tərəfindən iki yerdə artefaktlar aşkarlanmışdır. Bu materiallar Bəndovan ərazisində qədimdə yaşayış məskənlərinin mövcud olmasını göstərirdi. [Алиев Д. И. Исследование прибрежных и подводных памятников Каспия // Підводні дослідження: Археологія. Історія. Дайвінг. — 2012. — Вып. IV. — С. 75-83.]
Ərazidən tapılan materiallara əsaslanaraq, tədqiqatçılar yaşayış yerini IX-XIV əsrlərə, Şirvanşahların dövrünə aid etmişdilər. Ehtimal edilir ki, XIV əsrin əvvəllərində Xəzər dənizinin suyunun qalxması nəticəsində sahildəki bir sıra şəhərlər kimi, Bəndovan da su altında qalmışdır. [Azərbaycan Sovet Ensiklopediyası. II cild. Bakı-1978]
Tədqiqatlar nəticəsində burada tikili qalıqları, dulusçuluq kürəsinin qalıqları, şirsiz və şirli qablar, əmək alətləri, şüşə bəzək əşyaları, sikkələr və s. aşkar edilmişdir. Dənizdən tapılmış qabların üzərində heyvan və quş təsvirləri var. Həmçinin burada bir neçə daş lövbər aşkar edilmişdir. Onlar Xəzərdən keçən ticarət yollarının və limanlarının, burada baş tutan dəniz döyüşlərinin sübutudur. [Квачидзе В. А., Мамедов Р. А. Гидроархеологические исследования поселения Бяндован // Археологические открытия 1971 года. Москва-1972] [Квачидзе В. А. Подводная экспедиция на городище Бяндован // Археологические открытия 1975 года. Москва-1976]
Əvvəlcə bu yaşayış məntəqələri “Bəndovan 1” və “Bəndovan 2” adlandırılmışdır. Daha sonra Kvaçidze elmi məqaləsində məntəqələri orta əsrlərə aid Muğan və Quştasfi şəhərləri ilə eyniləşdirməyi təklif etmişdir. [Алиев Д. И. Исследование прибрежных и подводных памятников Каспия // Підводні дослідження: Археологія. Історія. Дайвінг. — 2012. — Вып. IV. — С. 75-83.]
Bəndovanda aşkar edilmiş maddi-mədəniyyət nümunələri hazırda Bakıda, Milli Azərbaycan Tarixi Muzeyində (H.Z.Tağıyev küçəsi 4) nümayiş olunur.