1826-cı ildə səyyah Hacı Zeynalabdin Şirvani Bakıya gəlir və altı aydan çox burada yaşayır. O, Bakının məşhur adamları və alimləri ilə görüşür, Abşeron yarımadasında olan tarixi abidələri “Bustanus səyahə” kitabında təsvir edir.
Hacı Zeynalabdin Şirvani əsərində Bakı şəhərini belə təsvir edir: “Badkubə məşhur limandır. Bakıya…iqlimə görə Badkubə deyilir, ona görə ki, çox vaxt o torpaqdan külək əskik olmur. Bəzən elə külək əsir ki, oranın heyvanat və binalarına böyük zərər dəyir. Buna görə də o şəhərin evlərini yonulmuş daşlardan tikmiş və damlarını qırlamışlar. Su orada azdır, lakin təmiz və yaxşıdır. Deyilənə görə, Ənuşirvanın tikdirdiyi yerlərdir, hasarı isə Şirvan şahları tərəfindən tikilmişdir. Orada 3 minə yaxın ev vardır. Yaxınlıqda isə bir neçə kənd yerləşir”. [Nurəddin Kərimov. Qırx ildə səyahət. Bakı-1977]
Şirvani, həmçinin Bakının iqtisadiyyatı, şəhərdə yaşayan əhalinin dili, mədəniyyəti və başqa xüsusiyyətləri haqqında məlumat verir.
Şirvani Bakı ətrafındakı tarixi yerləri gəzərək Suraxanıdakı Atəşgahı ziyarət edir. O, yazır: “Şəhərdə ən qəribə şeylərdən biri o yerin Atəşgahıdır…Uzaq Hindistandan buraya dini adətlər üzrə oda ibadət etmək üçün dəstələrlə hindli gəlir”.
Hacı Zeynalabdin Şirvani Bakının hakimi Hüseynqulu xanla görüşür. O, Bakı alimlərindən Hacı Məhəmməd Bağır və XI əsrin məşhur alimlərindən olan Mirzə Əsədulla və Şeyx ibn Məhəmməd haqqında məlumat toplayır. [https://azerhistory.com/?p=36529]