Stalinin ölümündən sonra 1953-cü ilin dekabrında Bakıda televiziya yaradılması üçün qərar qəbul edilir. 1954-cü ildə Bakıda televiziya mərkəzi üçün binanın inşası başlandı. Tikinti üçün şəhərin ən hündür məkanlarından biri olan Çəmbərəkənd seçildi. Həmin bina 1955-ci ilin sonunda istifadəyə verildi.
1956-cı ilin fevralına qədər Bakı studiyasının sınaq verilişləri yayımlanırdı. 14 fevral aktrisa Nəcibə Məlikova ekranda göründü və tamaşaçıları “Göstərir Bakı!” sözləri ilə salamladı. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirildi. Bu tarix Azərbaycan televiziyasının (AzTV) yaranma günü sayılır. [Zümrüd. Azərbaycanda və Şərqdə ilk televiziya. Səs.- 2016.- 4 noyabr.- S.8-9]
İlk dövrdə Bakı studiyası 30 kvadratmetrlik iki otaqdan ibarət idi. Yarıdan bölünmüş otaqların birində kino aparatları quraşdırılmışdı, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi. Teleqüllənin inşası hələ başa çatmadığı üçün Bakı studiyasının ötürücüsü 44 metrlik neft buruğunda quraşdırılmışdı. 1957-ci ildə hündürlüyü 180 metr olan birinci teleqüllə istifadəyə verildi. Bundan sonra bölgələrdə də yayım başladı. [Əlizadə Y.M., Məhərrəmli Q.M. Azərbaycan efiri. Tarix və müasirlik. Bakı-2006]
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdi. 1957-ci ildən Azərbaycan televiziyası həftədə 5 dəfə efirə çıxmağa başladı. Həmin il televiziyada futbol oyunu translyasiya edildi.
İlk xəbərlər buraxılışı 1960-cı ildən efirə verilməyə başladı. 1973-cü ildən isə Azərbaycan televiziyasının proqramları rəngli yayımlanmağa başladı.
19 yanvar 1990-cı ildə saat 19:26-da Azərbaycan televiziyasının enerji bloku sovet qoşunları tərəfindən partladıldı. Yayımı yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu. Qara kostyumda və qalstuksuz efirə çıxan diktor Rafiq Hüseynov 138 dinc sakinin qətlə yetirilməsi ilə əlaqədar xalqa başsağlığı verdi. [https://www.trt.net.tr/azerbaycan/turk-dunyasi/2020/02/14/14-fevral-az-rbaycanin-ilk-televiziyasinin-ad-gunudur-672037]
Azərbaycan müstəqilliyini elan etdikdən sonra Azərbaycan televiziyası dövlətin əsas televiziyasına çevrildi. 1996-cı ildə 310 metrlik yeni teleqüllənin açılışı baş tutdu. [Zümrüd. Azərbaycanda və Şərqdə ilk televiziya. Səs.- 2016.- 4 noyabr.- S.8-9]
2005-ci ildə Azərbaycan Dövlət Televiziyası 24 saatlıq fasiləsiz yayıma keçdi və həmin ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.