1985-ci ildə televiziya ekranlarında SSRİ istehsalı olan “Kapitan Qrantın axtarışında” filmi nümayiş olundu. Filmdə istifadə edilmiş “Dunkan” yaxtası bir vaxtlar Bakı Yaxt Klubuna məxsus olmuş “Kodor” gəmisi idi.
Gəmi Finlandiyanın SSRİ-yə olan borcunu ödəmək üçün Dəniz Qüvvələrinin sifarişi ilə 1946-1947-ci illərdə Turku (Finlandiya) şəhərində inşa edilmişdi. Yelkənli gəmi öz adını Abxaziyanın Kodori (və ya Kodor) çayından almışdır.
Əvvəllər Kodor kiçik Baltik balıqçı gəmilərindən balıq toplamaq və dənizdə balıqçıları təmin etmək üçün yük gəmisi kimi xidmət edirdi. Lakin 1950-ci ildə “Kodor” təlim gəmisi kimi indiki Sankt-Peterburq Hərbi Dənizçilik Məktəbinə verilir və kursantlar bu gəmidə Atlantik okeanında üzürlər. Dəniz təhsil müəssisələrinin üç minə yaxın kursantı gəmidə təlim keçmişdir. [https://sailngstamps.ru/2017/04/kodor/]
1983-cü ildə “Kodor” Bakının yaxt klubuna hədiyyə edilir. Gəmi bir neçə dəfə su idmanı festivallarında istifadə edilir.
Bir il sonra isə gəmi “Kapitan Qrantın axtarışında” filminin çəkilişləri üçün istifadə olunur. Bundan sonra “Kodor” bir neçə başqa filmlərdə də çəkilir: “Xəzinələr adası”, “Pirat qızı Arabella”. Həmçinin “Kodor” 1979-cu ildə Sankt-Peterburqda keçirilmiş bayramda “Qırmızı yelkənlər”in “Sirr” gəmisi kimi istifadə edilib. Sonuncu dəfə 1986-cı ildə “Piliqrim kapitanı” filmində çəkilişlərə cəlb edilən “Kodor” bir daha Bakıdan uzaqlaşmır.
1980-ci illərin sonlarında “Kodor” restoran kimi fəaliyyətə başlayır və dəniz məhsullarından ibarət mətbəxi ilə məşhurlaşır. Bakı dənizçiləri isə buna qarşı çıxırdılar və gəmini qaçırmaq istəyirdilər. 1999-cu ilin avqustunda naməlum səbəblərə görə göyərtəsində baş verən güclü yanğın səbəbindən “Kodor” gəmisi batır. [https://azerhistory.com/?p=9429]
Bununla da bir neçə filmin qəhrəmanı olan “Kodor” yelkənli gəmisinin həyatı başa çatır.