Nəcibə Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna qəsəbəsində, şair Haşım bəy Saqibin ailəsində anadan olub. Dayısı - ictimai xadim, Ruhulla Axundov 1938-ci ildə repressiya olunur. Məlikovlar ailəsini isə “xalq düşməninin ailəsi” adlandırırlar.
Hələ uşaqlıqdan Nəcibənin arzusu məktəbi bitirib həkim olmaq idi. Lakin xalq düşməninin bacısı qızını Tibb İnstitutuna qəbul etmirlər. Nəcibə Məlikova isə məcburiyyətdən həyatını aktyorluqla bağlamaq qərarına gəlir. 10-cu sinfi qurtarandan sonra sənədlərini könlü olmadan Teatr İnstitutuna verir və aktrisa Fatma Qədrinin sinfinə qəbul olur. İnstitutda oxuduğu sonuncu kurslarda teatr tamaşalarında iştirak etməyə başlayır. 1943-cü ildə institutu bitirdikdən sonra təyinatla Gəncə Dram Teatrına göndərilir. [Mükərrəmoğlu M. Yaddaşlarda yaşayan sənətkar. //Xalq qəzeti .-2022.- 16 yanvar.- S.7]
1958-ci ildə “Ögey ana” filminə çəkilir. Bu filmdən sonra Nəcibə Məlikova uğur qazanır, hər yerdə tanınmağa başlayır. Məlikova filmdə öz həyatını canlandırır. Filmin ssenarisi müəyyən detallar dəyişdirilərək, Nəcibə Məlikovanın həyatı üzərində qurulur.
Nəcibə Gəncənin tanınmış adamlarından olan Nəsrəddinlə ailə qurmuşdu. Nəsrəddin artıq bir dəfə evlənmişdi və Fuad adlı oğlu var idi. Nəcibə xanımın isə bu evlilikdən Saqib adlı bir oğlu dünyaya gəlmişdi. O, hər iki uşağa eyni ana qayğısıyla yanaşır, onları bir-birindən ayırmamağa çalışırdı. Buna baxmayaraq, qayınanası tərəfindən sevilmir və qəbul edilmirdi. Qayınanası həmişə onun nəvəsinə qarşı ögey münasibət göstərdiyini zənn edirdi. Həyat yoldaşı Nəsrəddin isə onun teatrda işləməsini istəmirdi. Beş ildən sonra Nəcibə Məlikova həyat yoldaşından ayrılır, Bakıya qayıdır. [Gerçək həyatını filmdə oynayan ögey ana-Oğulluğunun Nəcibə Məlikova haqqında xatirələri. //Türküstan .-2020.- 11-17 avqust.- S.18]
Nəcibə Məlikova Bakıya qayıdandan sonra 1952-ci ildən Milli Dram Teatrında çalışmağa başlayır. Müxtəlif illərdə “Nişanlı qız”, “Şöhrət və ya unudulan adam”, “Vaqif”, “Qəribə oğlan”, “Ümid”, “Müsyo Jordan və dərviş Məstəli şah”, “Əks-səda”, “Cehizsiz qız”, “Qılınc və qələm”, “Büllur sarayda” və digər tamaşalarda obrazlar canlandırır. Bundan əlavə, Nəcibə xanım “Arşın mal alan”, “Aygün”, “Leyli və Məcnun”, “Əhməd haradadır” kimi filmlərdə çəkilir.
Məlikova “Azərbaycan SSR Əməkdar artisti”, “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb. [Azərbaycan Sovet Ensiklopediyası VI cild. Bakı-1982]
Nəcibə Məlikova 27 iyul 1992-ci ildə Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.