Bu gün Bakının erməni-bolşevik işğalı və ingilis müstəmləkəçilərindən azad edilməsindən 104 il keçir. Bakı uğrunda uğursuz savaş tarixçəsi general Lionel Çarlz Denstervillin adı ilə bağlıdır.
Peşəkar hərbçi, general Denstervill Bakını və İranın Ənzəli limanını nəzarətə götürməli, türk-alman qoşunlarının Mərkəzi Asiyaya irəliləyişi zamanı tədbirlər görməli idi. Onun 1000 əsgər və zabitdən ibarət “Densterforse” hərbi kontingenti fevralın 18-də artıq Ənzəlidə idi. Yalnız 1918-ci ilin avqustunda Denstervillin gəmisi Bakı sahillərinə yan ala bildi. Buna səbəb Şaumyanın ingilisləri Xəzər sahillərində görmək istəməməsi idi.
Şaumyanın süqutundan sonra özünü Bakının yeni sahibi elan edən və hakimiyyətini Erməni Milli Şurası ilə bölüşən Sentrokaspi diktaturası ingilisləri Bakıya dəvət etdi. Bu zaman Azərbaycan Cümhuriyyəti hökuməti Bakını işğaldan qurtarmaq üçün savaşa başladı. General Denstervill həmin savaşda ermənilərin yanında idi.
Sentyabrın 15-də Azərbaycan hərbi birliklərinin də daxil olduğu Qafqaz İslam ordusu Bakı üzərinə həlledici hücuma keçdi. Elə həmin axşam general Denstervillin qüvvələri silah-sursatlarını gəmilərə yükləyib Ənzəliyə qaçdı. [L.C. Dunsterville. The adventures of Dunsterforce. London-1920]
Həmin hadisələr 1920-ci ildə “Densterforsun macəraları” və onun ardınca Londonda çap olunan gündəliklərdə öz əksini tapıb. Denstervillin gündəliyindən bir hissə:
“Türklərin son hücumu dünən səhər saat 4-də başladı, 11-də şəhərin üstündəki yüksəklikləri tutdular və çox keçmədən sağımızdan üstümüzə yürüdülər.
Qoşunlarımız: Staffordlar, Vorviklər və Vursesterlər möhtəşəm vuruşur və 800 tüfəngimiz və topumuzla, nəzarətimizdəki yerli artilleriyamızla birlikdə - təxminən 40 silah - 7000 türkə və zirehli avtomobillərə qarşı, bütün döyüş yükünü daşıyırdılar...Biçeraxovun adamları və topçuları möhtəşəm iş gördülər - ermənilərin heç bir faydası yox idi. Buna görə də Brey ilə diktatorlara vəziyyətin tamamilə itirildiyi haqda bir not göndərdim və qaranlıq düşən kimi əsgərlərimi göyərtəyə mindirib, Ənzəliyə getməyi təklif etdim.” [http://www.gwpda.org/Dunsterville/Dunsterville_1918.html]
“Densterfors”un Bakıdakı itkiləri 180 nəfərdən çox idi. Həlak olanlar “İngilis bağı” adlanan ərazidə - İncəsənət muzeyinə bitişik kiçik parkdan yuxarıda dəfn olunmuşdu. [Bakı uğrunda savaş - General Denstervilin gündəliklərindən. 525-ci qəzet.- 2017.- 16 sentybar.- S.16-17.]