Orta əsr ticarət kompleksi Bakı qalasının (İçərişəhər) dəniz sahili boyunca yerləşirdi, şəhər tərəfdən isə kompleksə daxil olan tikililər əsas ticarət küçəsi (indiki Asəf Zeynallı küçəsi) boyunca sıralanmışdı. Kompleks feodal dövründə Bakının ən böyük memarlıq komplekslərindən biri olmuşdur.
Kompleksin dövrümüzə çatmış yeganə çertyoju Rusiya Dövlət Hərbi-Tarixi Arxivində aşkar edilmişdir və 1956-cı ildə memar Ə.Salamzadə tərəfindən nəşr edilmişdir. Buraya daxil olan tikililərin inşa tarixi haqqında məlumat dövrümüzə qədər çatmamışdır. Salamzadənin fikrincə, kompleksə daxil olan Xan karvansarayı quruluşca XVI əsrin sonu - XVII əsrin əvvəlləri üçün xarakterik olan karvansaraylara bənzəyir. Buna baxmayaraq, tədqiqatçı kompleks tikililərinin XVII-XVIII əsrlərdə bərpa və təmir edilməsini, kompleksin isə daha qədim dövrlərə aid olunmasını ehtimal edir. [Саламзаде А.В. Архитектура Азербайджана XVI-XIX вв. Баку-1964]
Kompleks altı tikilidən ibarət olub. Buraya dörd karvansaray, bir məscid, bir ticarət sırası daxil idi.
Şəhərin 1796-cı ilə aid baş planında kompleksdə yerləşən karvansaray “mal karvansarayı”, ən böyük kavansaray isə “yerləşdirmə karvansarayı” adlandırılır. Həmçinin burada geniş anbar olub, lakin heyvanların yerləşməsi üçün heç bir tikili nəzərdə tutulmayıb. Bu dəqiqləşdirmələr və tikililərin dəniz kənarında yerləşməsi Bakı orta əsr ticarət kompleksinin ilk növbədə dəniz ticarəti üçün xidmət etdiyini göstərir. Dəniz yolu ilə gətirilən mallar kompleksin qarşısında boşaldılıb, daha sonra müvafiq kavansaraylara aparılırdı. [Саламзаде А.В. Торговый комплекс в Баку/ Доклады Академии Наук Азерб. ССР. Том XII, № 1. Баку-1956]
XIX əsrin ikinci yarısında kompleks əhəmiyyətini itirmiş və sökülmüşdür. Hazırda kompleksdən yalnız Xan karvansarayı və Həzrəti Əli məscidi qalıb.