Dördkünc Mərdəkan qalası Bakıda, Mərdəkan qəsəbəsinin mərkəzində yerləşir.
XIX əsrin birinci yarısında burada olmuş rus alimi İ.Berezin qala darvazasının üstündə kitabənin olduğunu qeyd etmişdi. Həmin kitabə, 1939-1940-cı illərdə burada aparılmış təmizləmə işləri zamanı, aşkar edilmişdir. Kitabədə yazılmışdı: «Bu qalanı Əmir Əbu Nəsr İzz-ƏlMülk Əbu Əli b.Bakir ucaltmışdır». Tədqiqatçılar kitabədə göstərilən «Əmir» istilasına əsaslanaraq, bu şəxsin Şirvan ordusunun hərbi sərkərdəsi olmasını güman edirlər.
Lakin vaxtilə qalanın üzərində daha bir kitabə olub. Hazırda bu kitabə Peterburqda, Ermitajda saxlanılır. Kitabəni 1853-cü ildə qalanın yanında rus alimi Xanıkov tapmış və Peterburqa göndərmişdir. Ərəbdilli yazıda bu sözlər oxunur: «... Dünyanın, İslamın hökmdarı Şirvanşah Əhsitan ibn Mönüçöhr. Beş yüz həştad üçüncü ildə...». Kitabəyə əsasən, qala Şirvanşah I Axsitan tərəfindən hicri təqvimi ilə 583-cü ildə (1187-1188-ci illər) tikilmişdir. [Azərbaycan tarixi memarlıq abidələri. Bakı - 2008]
Qalanın tikilməsi üçün elə yer seçilmişdi ki, buradan dənizkənarı sahil, Qala və Ramana qəsəbələrinin istehkamları da görünürdü. Qalanın hündürlüyü 25 metrdir və 5 mərtəbədən ibarətdir.
[К. М. Мамед-заде-Строительное искусство Азербайджана. Баку-1983]
Mərkəzi binanı qala divarları əhatə edir. Bu divarlar 1939-1940-cı illərdə keçirilmiş qazıntı işləri nəticəsində aşkar olunmuşdur. İçəri həyətdə müxtəlif dərinlikdə quyular aşkar edilmişdir. Bu quyular anbar kimi istifadə olunurdu. Qalanın giriş darvazası şərq divarda yerləşir. Darvaza içəri açılırdı ki, lazım olduqda içəridən daha da möhkəmləndirmək mümkün olsun. Dördkünc qalanın, Dairəvi Mərdəkan qalası və Tuba Şahi məscidi (Mərdəkan) ilə yeraltı yolla bağlı olması ehtimal olunur. [Щеблыкин И.П. Памятники азербайджанского зодчества эпохи Низами (материалы). Баку-1943] [Aydın Məmmədov. Qədim və indiki Abşerona səyahət. Bakı-2006]
Dördkünc Mərdəkan qalası 2001-ci ildə UNESCO Ehtiyat Siyahısına daxil edilmişdir. 2 avqust 2001-ci ildə Azərbaycanın «Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin» siyahısına salınmışdır.
[URIS id=20899]