28 oktyabr 1995-ci ildə Bakı metropoliteninin “Ulduz” stansiyasından “Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda yanğın baş vermişdir. Stansiyaların arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq) həlak olmuş, 270 nəfər yaralanmışdı. Ölənlər sırasında yanğının söndürülməsi ilə məşğul olan bir neçə xilasedici də var idi. Bu hadisə dünyada ən dəhşətli metro qəzası kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib.
Qəzanın əsas səbəbi kimi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı və maşinistin səhv qərar verməsi göstərilib. Qatarın dartı mühərrikində baş vermiş alışma tez bir zamanda vaqonlara yayılıb. Özünü itirən maşinist yanan qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar.
İnsanların təxliyəsinin çətinləşməsi nəticəsində çoxları həm qatarın içərisində, həm də tuneldə vaqonların yanmasından əmələ gələn zərərli maddələrdən zəhərləndi. Bir neçə nəfər vaqondan çıxandan sonra elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişdi.
Qəzadan sonra ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə ölkədə 3 günlük matəm elan edilmişdir, qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə yardım verilməsi təmin olunmuşdur. Təhlükəsizlik qaydalarına riayət etməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Sərnişinlərdən biri, hadisə nəticəsində həlak olmuş Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb, kursantlar - 15 yaşlı Nicat Mürvət oğlu Səfərov, hələ 17 yaşı tamam olmamış Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov “İgidliyə görə” medalı ilə təltif olunublar. “Ulduz” metro stansiyasında Çingiz Babayevin büstü qoyulub.
Mənbələr: